Ballakı zədələyən futbolçu: Bu, mən tərəfdən axmaq hərəkət idi
18.05.2010 - 10:22
Ballakı zədələyən futbolçu: Bu, mən tərəfdən axmaq hərəkət idi
Almaniya yığmasının kapitanı Mixael Ballakın DÇ-2010-u buraxması böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçini Londonun “Çelsi” klubunun heyətində İngiltərə kubokunun finalında “Portsmut”la görüşün 35-ci dəqiqəsində ciddi zədələyən futbolçu Kevin-Prins Boatenqin bunun bilərəkdən etməsi ilə bağlı şübhələr oyanıb.

Məsələ ondadır ki, Botatenq heyətində yer aldığı Qana yığması mundialda almanlarla bir qrupda yer alıb. Qasıq nahiyəsindən alınan belə zədələr futbolçunun ən azı 8 həftə oynamayacağı demək olduğundan, Ballakın DÇ-2010-da iştirak etməyə heç şansı yoxdur.

Etdiyi hərəkətdən üzülən Boatenqin sözlərinə görə, bunu qəsdən etməyib: “İndi mənim edə biləcəyim yeganə şey üzr istəməkdir. Mən sürüşmə fəndini gec etdiyimdən Ballak zədələndi. Bu, mən tərəfdən axmaq hərəkət idi. Mən Mixaeldən meydanda iki dəfə üzr istədim. İndi bunu 3-cü dəfə edirəm. Mən Ballakı zədələmək niyyətində deyildim”.

Qeyd edək ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Ballakı kiminlə əvəzləməklə bağlı baş sındırır. Onun kapitanlıq sarğısını “Bavariya”nın yarımmüdafiəçi Bastian Şvaynştaygerə etibar edəcəyi gözlənilir.