“Əl-Qaidə”dən dünya çempionatına terror sürprizi
18.05.2010 - 10:24
“Əl-Qaidə”dən dünya çempionatına terror sürprizi
İraq təhlükəsizlik qüvvələri “əl-Qaidə” terror təşkilatının futbol üzrə dünya çempionatı vaxtı terror aksiyaları hazırladığını bəyan edib. Lent.az-ın “MIGnews.com”a istinadən verdiyi məlumata görə, bununla bağlı Təhlükəsizliyin Təminatı Xidmətinin nümayəndəsi general-mayor Qasım əl-Müssəvi bəyanatla çıxış edib.

Onun sözlərinə görə, İraq xüsusi xidmət orqanları terror aksiyalarına cəlb edilən Səudiyyə Ərəbistanı vətəndaşını tutublar. Vaxtilə Səudiyyə Ərəbistanı ordusunun leytenantı olan, hazırda isə terror şəbəkəsinin əməliyyatçısı kimi fəaliyyət göstərən Abdulla Əzzəm əl-Qəttani əl-Nəcəf və Kərbəlada terror aktları təşkil etmək istəyən zaman həbs olunub.

O, sorğu-sual zamanı bildirib ki, “əl-Qaidə” Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı terror aktları hazırlayır. Əl-Qəttani əməliyyata “əl-Qaidə”nin ikinci şəxsi olan Ayman əz-Zəvahirinin şəxsən başçılıq etdiyini bildirib.

Hələlik nə CAR, nə də ABŞ xüsusi xidmət orqanları terrorçunun açıqlamasına münasibət bildirməyiblər.

Qeyd edək ki, bundan əvvəl CAR hökuməti dünya çempionatının terrorçuların potensial hədəfi olduğunu açıqlamışdı. Amma hələlik konkret təhlükə barədə məlumat verilmir. Azarkeşləri və xarici qonaqları dünya çempionatı zamanı 41 min polis əməkdaşı qoruyacaq.