“Neftçi”nin kəşf etdiyi məkan: Kenqurular diyarı
18.05.2010 - 13:24
“Neftçi”nin kəşf etdiyi məkan: Kenqurular diyarı
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin startına 24 gün qalıb. Dünya kubokunu qazanmağa 32 namizədin təqdimatını davam etdirən apasport.az saytı artıq D qrupunda mübarizə aparan yığmalarla tanışlığa başlayır. Bu qrupun autsayderlərindən biri Avstraliya yığmasıdır.

Dosye
Federasiya: Football Federation Australia (Avstraliya Futbol Federasiyası)
Federasiya prezidenti: Frank Lovi
Yaranma tarixi: 1961
1963-cü ildən FİFA-nın, 1966-2006-cı illərdə OFC-nın, 2006-cı ildən AFC-nın üzvüdür.
Ləqəbi: sokkerus
Rəngləri: sarı və yaşıl
Baş məşqçi: Pim Verbek
Tarixinin ilk oyunu: Yeni Zelandiya 1:3 (1922-ci il)
Yığmada ən çox oyun keçirənlər: Aleks Tobin (87), Pol Ueyd (84), Toni Vidmar (76)
Yığmada ən çox qol vuranlar: Demyen Mori (29), Con Aloizi (27), Con Kosmina, Attila Abonyi (25)
Məşhur oyunçuları: Tobin, Ueyd, Toni Vidmar, Şvartser, Emerton, Çipperfild, Abonyi,
Mori, Aloizi, Arçi Tompson, Kexill, Viduka, Kyuel, Lukas Nil

Nailiyyətləri
Avstraliyalılar tarixlərində üçüncü dəfə mundiala vəsiqə qazanıblar. İndiyədək 1974 və 2006-cı illərdə buna nail olan yığmanın ən böyük uğuru 1/8 finala vəsiqə olub. Əvəzində Okeaniya çempionatlarında 4 dəfə qalib adı qazanan “sokkerus” Yeni Zelandiyadan başqa regionda rəqib tanımayıb. 1980, 1996, 2000, 2004-cü illərdəki uğurlardan bezən yaşıl qitə təmsilçisi Asiyaya üz tutub. Buradakı ilk - 2007-ci ildəki qitə birinciliyində mükafatçılar sırasında düşə bilməyib.

DÇ yolunda
Seçmə mərhələyə üçüncü raunddan başlayan Verbekin yetirmələri Qətər (3:0, 3:1), Çin (0:0, 0:1), İraq (1:0, 0:1) milliləri ilə eyni qrupda yer alıb və “sokkerus” son matç ərəfəsində birinciliyi təmin etdiyindən öz meydanında Çinə uduzmaqdan da çəkinmədi. Dördüncü seçmə mərhələdə isə “Qalatasaray”ın ulduzu Kyuell və komandasını daha asan gəzinti gözləyirdi. Onlar Özbəkistan (1:0, 2:0), Qətər (4:0, 0:0), Bəhreyn (1:0, 2:0), Yaponiya (0:0, 2:1) ilə qarşılaşmalarda məğlubiyyətsiz qrup qalibi olub.

“Kenquruların da sevmədiyi yığma”
Avstraliyalılar ardıcıl ikinci dəfə mundiala vəsiqə qazansa da, buna o qədər də sevinmir. Yaşıl qitədə yığmanın indiki baş məşqçisindən ciddi narazılıq hökm sürür. Buna hollandiyalının baxımlı deyil, nəticə verən oyun göstərməsidir. Artıq nəticələrdən bezən mətbuat darıxdırıcı oyundan narazılığını gizlətmirdi. Xüsusilə, səfərdəki antifutbol tənqid olunurdu. Az qala qitənin ən məşhur sakinləri olan kenqurular da bu tənqidlərə qoşulacaqdı. Hərçənd, bunun nəticəsi idi ki, dördüncü seçmə mərhələnin ilk 7 matçında avstraliyalılar qapısından 1 qol da buraxmamışdı. Hamının ispan üslubu kimi tanıdığı 4-2-3-1 sxeminin belə darıxdırıcı alınmasının səbəbi daha oyun qurucusunun olmaması ilə izah edilir. Hər halda Kexill bu işin öhdəsindən o qədər də layiqincə gəlmir. Bəzən avstraliyalılar 3 dayaq yarımmüdafiəçisi və ya 2 hücumçu ilə də oynayır. Sonuncu variant nadir hallarda təsadüf olunur.

İstisnasız olaraq, bütün matçlarda tempi öldürməyi xoşlayan Verbekin yetirmələri standart vəziyyətlər və cinahlarla oynamağa xüsusi əhəmiyyət verirlər. Bunun nəticəsi olaraq, holland komandasını cəmi bir hücumçu ilə meydana buraxır. Rəqibdən asılı olaraq Verbekin iki variantı olur. Ucaboy hücumçuya ehtiyac duyularsa, əksər hallarda Coş Kennedi əsas qol ümidi olur. Bəzi hallarda ön xəttin sivri ucunda onu əvəzləyən Tim Kexill əsasən komanda yoldaşının arxasında mübarizə aparır. Əgər ön xətti sürətli futbolçulara tapşırmaq lazım gəlirsə, mütəxəssis Skott Makdonaldla Harri Kyuell arasında seçim edir.

Avstraliyalıların dayaq yarımmüdafiəçiləri isə cərimə meydanının qarşısında sanki Çin səddini qururlar. Ceyson Kulina ilə Vins Qrilla cütlüyü seçmə mərhələdə bu işin öhdəsindən layiqincə gəlib. Verbek yarımmüdafiənin cinahlarını Mark Breşiano, Bert Emerton, Lük Uilşir kimi universallara həvalə edir. Onların hər biri ehtiyac yarandığı halda, dayaq yarımmüdafiəçisi və ya arxa xətt oyunçusu kimi də çıxış edə bilir.

Müdafiənin mərkəzini “Qalatasaray”da Kyuellə çiyin-çiyinə oynayan Lukas Nil və Maykl Beşama tapşıran mütəxəssis sağda Uilkşirlə Emertondan birini, solda isə Skott Çipperfild və ya Devid Karni çıxış edir. Verbekin etimad göstərdiyi qapıçının təcrübəsinə isə istənilən komanda həsəd apara bilər. 37 yaşında da İngiltərə Premyer Liqasında oynayan Şvartserin həmyaşıdları çoxdan karyerasını bitirib.

Oyunlarının təqvimi
13.06.2010 Almaniya
19.06.2010 Qana
23.06.2010 Serbiya

Mundial iştirakçısı və biz
Azərbaycan üçün Avstraliya futbolu 2009-cu ilə qədər uzaq “kenqurular diyarı” təsir edirdi. Ölkəmiz üçün həmin yaşıl qitəni “Neftçi” kəşf etdi. Təxminən 17 ay əvvəl təmsilçimiz avstraliyalı Con Tamburasla müqavilə bağladı. Lakin onun ölkəmizdəki karyerası yarım ildən artıq olmadı. Hətta əvəzedici komandaya da göndərilən müdafiəçi tezliklə vətəninə qayıtmalı oldu.

Apasport.az-ın proqnozu: mübarizəni qrup mərhələsində dayandıracaq. Böyük ehtimalla elə qrup sonuncusu kimi...

Vüqar XEYRULLAYEV