Məhkəmə həbsdə olan idmançımızın vəsatətini təmin edib - FOTO
18.05.2010 - 14:14
Məhkəmə həbsdə olan idmançımızın vəsatətini təmin edib - FOTO
Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısının apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədovun vəkili Osman Kazımov müdafiə etdiyi şəxsə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə iclas protokolları ilə tanış olmağa şərait yaradılmaığını deyib və A. Məmmədova protokollarla tanış olmağa şəraitin yaradılması barədə vəsatət qaldırıb.

Vəsatəti təmin edən məhkəmə A. Məmmədovun məhkəmə iclaslarının protokolları ilə tanış olması üçün cinayət işinin materiallarının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə qaytarılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, təqsirləndirilən Azad Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Məmmədov 2009-cu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. A. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd “Vinçester” tipli silah, bir ədəd “Tir” tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, A. Məmmədov Şəkilə Zeynalovanın 26.500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib.

A. Məmmədov 178.3.2-ci (dələduzluq) maddəsilə ittiham olunub.

Xatırladaq ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.