Eto’O və onun komandası
24.05.2010 - 15:15
Eto’O və onun komandası
Dünya çempionatının final mərhələsinin startına 18 gün qalıb. Yarış iştirakçılarının tanışlığı davam etdirən apasport.az saytı E qrupunda mübarizə aparacaq Kamerun yığmasını oxucularına təqdim edir.

Dosye
Federasiya: Fédération Camerounaise de Football (Kamerun Futbol Federasiyası)
Federasiya prezidenti: Məhəmməd İyya
Yaranma tarixi: 1959
1962-ci ildən FİFA, 1963-cü ildən CAF-ın üzvüdür.
Ləqəbi: Ramolunmaz şirlər
Rəngləri: yaşıl-qırmızı-sarı
Baş məşqçi: Pol Le Quen
Tarixinin ilk oyunu: Cibuti (o vaxt Somalinin fransız sahili adlanırdı) 9:2 (1960)
Yığmada ən çox oyun keçirən: Riqober Sonq (132)
Yığmada ən çox qol vuran: Samuel Eto’O (42)
Məşhur oyunçuları: Eto’O, Milla, Nkono, Makanaki, Riqober Sonq, Ceremi, Fransua Omam Biyik, Kunde, Ekeke, Tatav, Sonqoo

Rəqsin “atası”
Kamerun yığması tarixində ilk dəfə 1982-ci ildə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. İspaniyadakı mundialı məğlubiyyətsiz tərk edən afrikalılar 3 heç-heçə ilə qrupda qalmışdı. 8 il sonra elə ilk oyunlarında Maradonalı Argentina yığmasını məğlub edən ramolunmaz şirlər 1/4 finala qədər irəlilədi. Yalnız futbolun yaradıcılarına uduzan kamerunluların uğurları Roje Millanın adı ilə bağlıdır. Vətənində heykəli qoyulan hücumçu 38 yaşında qatıldığı yarışda vurduğu qollarla hamını heyran etdi. Üstəlik, hər qoldan sonra Afrika rəqsi etməklə, futbolda yeni ənənənin əsasını qoydu. İndi dünyanın bir çox ölkələrində qol vurduqdan sonra oynamağın banisi kimi məhz Rojeni sayırlar.

Milla isə 4 il sonrakı yarışda da fərqlənməklə mundiallar tarixində qol vuran ən yaşlı futbolçu kimi tarixə düşdü. Sonrakı 3 final mərhələsinə də qatılan Millanın həmyerliləri bir daha 1/4 finaladək irəliləyə bilmədi. Son mundiala vəsiqə əldə etməyən kamerunlular qitə birinciliklərində 4 dəfə I (1984, 1988, 2000, 2002), 2 dəfə II (1986, 2008), 1 dəfə III (1982) yeri tutub. Bundan başqa, Konfederasiyalar Kubokunda gümüş (2003), olimpiya oyunlarında qızıl (2000) medallar da Kameruna gedib.

DÇ yolunda
İkinci seçmə mərhələdə mübarizəyə başlayan ramolunmaz şirlər çətinlik çəkmədən qrup qalibi oldu. Kabo-Verde (2:0, 2:1), Mavriki (3:0, 5:0), Tanzaniya (0:0, 2:1) yığmalarından heç biri onlara müqavimət göstərə bilmədi. Həlledici mərhələdə Toqo (0:1, 3:0), Mərakeş (0:0, 2:0) və Qabon (2:0, 2:1) milliləri ilə qarşılaşan Le Quenin yetirmələri birinci yeri son turda rəsmiləşdirdi. Onlar CAR-a vəsiqəni Mərakeşdə qazandılar.

Eto’O və 10 komanda yoldaşı
Le Quen kamerunluların 4-3-2-1 və 4-2-3-1 taktiki sxemləri ilə uğur qazanacağını düşünür. Bu səbəbdən mütəxəssis başqa varianta ehtiyac duymur. Arxa xətdə sınanmış isimlərə üstünlük verən çalışdırıcı yalnız Riqober Sonqla bağlı qəti qərar verməyib. Etimad göstəriləcəyi halda, veteran Nkulu ilə mərkəzdə qərarlaşacaq. Sonqun oynamayacağı halda, onu Bassonq və Çedju cütlüyündən biri əvəzləyəcək. Müdafiənin sağında Ceremi, solunda isə Bedimonun, ya da Assu-Ekottonun oynayacağı gözlənilir.

Yarımmüdafiədə 5 oyunçu ilə oynamağı sevən fransalı mütəxəssis dayaq yarımmüdafiəçisi kimi Aleksandr Sonq və Eyonq Enoya güvənir. Yeganə hücumçu kimi oynamaq üçün ciddi rəqibi olmayan Samuel Eto’Onun arxasında isə 3 orta sahə futbolçusu qərarlaşır. Lakin N’Quemo-Makun-İdrissu “üçlüy”ündən kiminsə oynamamağı da mümkündür.

Oyunlarının təqvimi
14.06.2010 Yaponiya
19.06.2010 Danimarka
24.06.2010. Hollandiya

Mundial iştirakçısı və biz
Azərbaycan və Kamerun yığmaları indiyədək heç vaxt qarşılaşmayıblar. İki ölkə futbolunun yeganə əlaqəsi kamerunluların klublarımızda çıxış etməsidir. Bu mənada birincilər hələ 2004/05 mövsümündə “Gənclərbirliyi”ndə “peyda olub. Lakin Azərbaycana gələnlərdən heç biri özünü yaxşı tərəfdən göstərə bilməyib. Bu həm o vaxt, həm də sonra gələnlərə aiddir. Hətta “Duysburq”dan transfer olunan Valentin Atem də əvvəlki klubunun adına uyğun oyunu ilə seçilmədi.

Apasport.az-ın proqnozu: Ramolunmaz şirlər ən yaxşı halda, 1/8 finala ümid edə bilər.

Vüqar XEYRULLAYEV