Bundestim Durbanda şou göstərdi - YENİLƏNİB
14.06.2010 - 00:20
Bundestim Durbanda şou göstərdi  - YENİLƏNİB
Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə XIX dünya çempionatında dünən olduğu kimi, bu gün də 6 komanda mübarizəyə başlayıb. Apasport.az saytının xəbərinə görə, C qrupunda bir, D qrupunda isə iki oyun baş tutub.

Günün ilk qarşılaşması “qara qitə” təmsilçisi Əlcəzairlə Sloveniya milli komandası arasında olub. Görüşün taleyini bir qol həll edib. Avropalılar rəqibinin azlıqda qalmasından sonra vurduqları yeganə qolla 3 xal qazanıblar.

Ardından daha bir Avropa – Afrika qarşıdurması baş tutub. Günün ikinci matçında bu dəfə Serbiya yığması Qana ilə üz-üzə gəlib. Bu oyun da əvvəlkini oxşarı olub: bir qırmızı və bir qol. Amma bu dəfə qələbəyə avropalılar yox, “qara qitə” təmsilçisi sevinib. Matçın sonlarında Qana futbolçuları mundialda qeydə alınan ilk penaltidən maksimum yararlanıblar.

Dünya çempionatının əsas favoritlərindən sayılan Almaniya yığması isə turnirə iddialı gəldiyini ilk oyunundaca sübut edib. Belə ki, Bundestim Durban şəhərində baş tutan görüşdə Avstraliya millisinə əsl futbol dərsi keçib.

Meydanda şou göstərən Yoahim Lövün yetirmələri fasiləyə Podolski və Klozenin vurduğu qollarla üstün yollanıb. İkinci hissədə avstraliyalılar azlıqda qaldıqdan sonra daha iki dəfə topu öz qapısından çıxarıblar. Öncə Müller, ardından meydana əvəzlənmədən çıxan Kakau fərqlənib.

Rəqibini 4:0 hesabı ilə məğlub edən almanlar mundialın ilk böyük hesablı qələbəsinə imza atırlar.

13 iyun
C qrupu



16:30. ƏLCƏZAİR – SLOVENİYA - 0:1
QOL: Koren, 79
Qırmızı vərəqə: Gozal, 73 (Əlcəzair, ikinci sarı vərəqə)
Baş hakim: Pablo Poso (Çili)
Polokvane. Peter Mokaba stadionu
ƏLCƏZAİR: Şauişi, Buqerra, Belxadj, Yahya, Halliş, Lasen, Jebbur, Matmur, Ziani, Yebda, Kadir.
SLOVENİYA: Samir Handanoviç, Breçko, Şuler, Sezar, Koren, Birsa, Novakoviç, Yokiç, Dediç, Kirm, Radosavleviç

D qrupu


19:00. SERBİYA – QANA - 0:1
QOL: Qyan, 85 (penaltidən)
Qırmızı vərəqə: Lukoviç, 74 (Serbiya, ikinci sarı vərəqə)
Baş hakim: Ektor Baldassi (Argentina)
Pretoriya. Loftus Versfeld stadionu
SERBİYA: Stoykoviç, Kolarov, Vidiç, İvanoviç, Lukoviç, Stankoviç, Miliyaş, Yovanoviç, Krasiç, Panteliç, Jiqiç.
QANA: Kinqson, Sarpey, Peyntsil, Mensa, Vorsa, Annan, Ayyu, Asamoa, Qyan, Taqo, Boatenq.


23:30. ALMANİYA – AVSTRALİYA - 4:0
QOLLAR: Podolski, 8; Kloze, 27; Müller, 68; Kakau, 70
Qırmızı vərəqə: Kehil, 56
Baş hakim: Marko Rodriges (Meksika).
Durban. Şəhər stadionu
ALMANİYA: Noyer, Fridrix, Xedira, Şvaynştayger, Özil, Podolski, Kloze, Müller, Badştuber, Lam, Mertezaker.
AVSTRALİYA: Şvarser, Nill, Mur, Kehil, Kulina, Emerton, Uilkşir, Çipperfild, Qrella, Valeri, Qarsiya