Bakıya gəlməyinə peşman olan futbolçu mundialın bombardirinə çevrilir
25.06.2010 - 10:08
Bakıya gəlməyinə peşman olan futbolçu mundialın bombardirinə çevrilir
Dünya çempionatının final mərhələsinin bombardirlər siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, İtaliya milli komandası ilə oyunda iki qola imza atan Robert Vittek ən məhsuldar futbolçular arasında liderə şərik olub. Slovakiyalı futbolçu CAR-da vurduğu qolların sayını 3-ə çatdıraraq argentinalı Qonzalo İquaynın göstəricisini təkrarlayıb.

Daha 12 futbolçu isə arxada qalan 44 matçda iki dəfə fərqləniblər. Luis Fabiano, Elano (hər ikisi Braziliya), David Vilya (İspaniya), Uçe Kalu (Nigeriya), Tiaqu (Portuqaliya), Li Cun Su (Cənubi Koreya), Brett Holman (Avstraliya), Lendon Donovan (ABŞ), Keysuke Honda (Yaponiya) hər iki halda rəqib qapısına oyun zamanı yol tapıblar.

Dieqo Forlan (Uruqvay) və Samuel Eto`O (Kamerun) vurduğu qollardan birini, qanalı Asamoa Qyan isə hər ikisini penaltidən vurublar.

Qeyd edək ki, bombardirlər yarışının liderliyinə şərik olan Vittek Bakı ilə bağlı heç də yaxşı olmayan xatirələrə malikdir. Çünki 28 yaşlı hücumçu hələ 19 yaşı olarkən Bakıya gəlməsinə peşman olmuşdu. Doqquz il bundan əvvəl DÇ-2002-nin seçmə mərhələsində Azərbaycan milli komandasına uduzan Slovakiya yığmasının heyətində Vittek də var idi. O, Zaur Tağızadə və Vadim Vasilyevin qolları sayəsində 0:2 hesabı ilə uduzan komandasının heyətində ilk dəqiqələrdən meydana çıxıb 70 dəqiqə boyu azərbaycanlı futbolçulara həsəd aparmışdı. Həmin görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmişdi.