Jabanın xələfi İquainə şərik oldu
29.06.2010 - 00:42
Jabanın xələfi İquainə şərik oldu
Dünya çempionatının final mərhələsinin bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Slovakiya milli komandasının futbolçusu Robert Vittek mundialda 4-cü qolunu vurmaqla argentinalı Qonzalo İquainə vahid liderliyinə son qoyub. O, Hollandiya yığması ilə 1/8 final oyununun sonuncu saniyələrində penalti zərbəsindən fərqlənməklə buna nail olub.

Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Vittek bu ilin yanvarından Superliqada oynayır. Ankara təmsilçisi onu ötən yay itirdiyi Jabanın yoxluğunu unutdurmaq üçün ələ keçirmişdi. Braziliyalının “Bakı”ya keçidindən sonra hücumçu axtaran türkiyəlilər bu boşluğu məhz slovakiyalı ilə aradan qaldırmışdılar.

İquain və Vitteki 3 qol vuran 6 futbolçu - Landon Donavan (ABŞ), Tomas Müller (Almaniya), Asamoa Qyan (Qana), Luis Suarez (Uruqvay), David Villa (İspaniya) və Luis Fabiano (Braziliya) izləyir. Maraqlıdır ki, bu futbolçulardan yalnız Landon Donavanın şərəfini qoruduğu ABŞ yığma komandası mübarizəni dayandırıb. Yəni, o, da Vittek kimi qol sayını artıra bilməyəcək. Digər oyunçuların isə İquain və Vittekə çatmaq və onları bombardirlik yarışından kənarlaşdırmaq şansları yüksəkdir.