Almaniya və Argentina yığma komandalarının oyunu İrmatova tapşırıldı
01.07.2010 - 13:52
Almaniya və Argentina yığma komandalarının oyunu İrmatova tapşırıldı
Dünya çempionatının 1/4 final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA mərkəzi qarşılaşma - Almaniya və Argentina yığma komandaları arasında görüşü özbəkistanlı ədalət təmsilçisi Rövşən İrmatova etibar edib.

Bu, Azərbaycan yığma komandasının görüşündə də əsas söz sahibi olmuş İrmatovun dünya çempionatında 4-cü oyunu olacaq. Mundialın açılış oyununu da idarə edən asiyalı ədalət təmsilçisinə iyulun 3-də keçiriləcək oyunda həmyerlisi Rafael İlyasov və qırğızıstanlı Bahadur Koçkarov köməklik edəcəklər.

İyulun 2-də baş tutacaq Hollandiya və Braziliya qarşılaşmasında komandaları meydana Yuiti Nasimura (Yaponiya) çıxaracaq. Yan xətt hakimləri isə yapon Toru Saqara və cənubi koreyalı Con Xe San olacaqlar.

Həmin gün keçiriləcək Uruqvay və Qana matçına portuqaliyalı referilər - Oleqariu Benkerensa, Joze Silva Kardinal və Bertinu Miranda təyinat alıblar.

Paraqvay və İspaniya yığma komandaları arasında keçiriləcək son 1/4 final oyununu beynəlxalq hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi funksiyasını Karlos Bartes Qonsales (Qvatemala) yerinə yetirəcək. Ona kosta-rikalı Leonel Leal və honduraslı Karlos Pastrana köməklik edəcəklər.