Hollandiya yığması 32 ildən sonra finalda - YENİLƏNİB
07.07.2010 - 00:23
Hollandiya yığması 32 ildən sonra finalda - YENİLƏNİB
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının ilk finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundialın ilk yarımfinal matçında Uruqvayla Hollandiya milli komandaları üzə-üzə gəliblər.

Özbəkistanlı hakim Rövşən İrmatovun idarə etdiyi qarşılaşmada qapılara 5 top vurulub.
Öncə 18-ci dəqiqədə van Bronkhorst uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə hesabı açıb. Amma hollandlar fasiləyə üstün durumda yollana bilməyiblər. İlk yarının başa çatmasına 3 dəqiqə qalmış Forlanın gözəl zərbəsi qolla nəticələnib.

Avropalılar ikinci hissədə qısa zamanda daha iki dəfə fərqləniblər. Əvvəlcə Sneyder, ardınca Robben fərqlənib. Uruqvaylıların matçın uzatma dəqiqələrində vurduğu qol isə təsəllidən başqa bir şey olmayıb.

Bu qələbə ilə Hollandiya yığması tarixində mundialda üçüncü dəfə finala yüksəlib. “Zambaqlar ölkəsi”nin komandası 1974 və 1978-ci illərdə həlledici qarşılaşmayadək irəliləsələr də, çempionluq sevinci yaşaya bilməmişdilər.

32 ildən sonra yenidən finala yüksələn hollandların rəqibi bu gün keçiriləcək Almaniya – İspaniya matçından sonra bəlli olacaq.


23:30. HOLLANDİYA – URUQVAY - 3:2
QOLLAR: van Bronkhorst, 18; Sneyder, 70; Robben, 73 - Forlan, 42; Pereyra, 90+2
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Keyptaun. Qrin Point stadionu
HOLLANDİYA: 1. Stekelenburq, 3. Heytinqa, 4. Matiysen, 12. Bularuz, 5. van Bronkhorst, 6. van Bommel, 11. Robben, 14. de Zeuv, 10. Sneyder, 7. Kuyt, 9. van Persi
URUQVAY: 1. Muslera, 3. Qodin, 16. M.Pereyra, 20. Viktorino, 22. Kaseres, 5. Qarqano, 7. Kavani, 11. A.Pereyra, 15. D.Peres, 18. Arevalo-Rios, 10. Forlan