“Qapımıza ikinci qol ofsayddan vuruldu”
07.07.2010 - 08:57
“Qapımıza ikinci qol ofsayddan vuruldu”
“Əgər uduzmağın üsulunu seçməli olsaydıq, bu, belə olardı. Bu, Uruqvay yığmasının ciddi niyyətini göstərmək, dünyanın ən yaxşı komandaları ilə bərabər oynamaq üçün daha bir imkanı idi. Bu mənada oyun bizim üçün çox vacib idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares deyib.

Dünya çempionatları tarixində 40 ildən sonra yarımfinala çıxan uruqvaylılar bu dəfə Hollandiya yığmasına yenilərək (2:3) finaldan kənarda qaldı. Bununla belə, Tabares komandası ilə fəxr etdiyini bildirib: “Onlar Hollandiya yığması ilə bərabər oynadılar. Siz oyunçulardan bundan artığını xahiş edə bilməzdiniz. Biz məğlubiyyəti qəbul edirik, çünki rəqibimiz hücumda daha yaxşı oynayırdı. Bilirdim ki, holland futbolçular çox texnikalıdır və istənilən vaxt qol vura bilər. Ancaq biz gördük ki, qapımıza ikinci qol ofsayddan vuruldu. Bu, sayılmasaydı, oyun bizim üçün başqa cür ola bilərdi... Hollandiya millisi hücum üslubunda oynayır. O, turnirdə ən yaxşılardan biridir. Ancaq biz heç vaxt təslim olmadıq və sona kimi mübarizə apardıq”.

Bürünc medal qazanmaq şansını saxlayan Uruqvay 3-cü yer uğrunda oyunda rəqibini gözləyir. Tabares həmin görüşdən sonra postunda qalacağına əmin deyil: “Ölkənin futbol federasiyası ilə bir neçə həll olunmayan məsələmiz var. Yalnız rəhbərliklə söhbətimdən sonra yığmada məşqçilik fəaliyyətimin davam etdirib-etdirməyəcəyim həll olunacaq”.