Qurban Qurbanovu şəxsən sevməyə bilərsiniz. Futbolunu bəyənməyə, qərarlarını müdafiə etməyə, hər addımını alqışlamağa da heç kim məcbur deyil. Səhvləri olub, yenə olacaq. Amma bir məğlubiyyətdən sonra illərin işini silib atmağa çalışmaq tənqid yox, sadəcə unutqanlıqdır, hətta nankorluqdur.
Qurban Qurbanovu linç etmək üçün ya yaddaşını itirməlisən, ya da ədalət hissini. Azərbaycan futbolu Avropada bir az ciddiyyət, bir az hörmət qazana bilibsə, bunda hamıdan əvvəl Qurban Qurbanovun əməyi var.
Ondan əvvəl nə görürdük? Təsadüfi qələbələr, bir mövsümlük uğurlar, ardı gəlməyən nəticələr... “Qarabağ” isə bunu sistemə çevirdi. Avropanın böyük stadionlarını, böyük rəqibləri, Çempionlar Liqasının himnini Bakıya gətirdi. Azərbaycan klub futbolunu qitədə epizodik yox, daimi görünən səviyyəyə çıxardı.
Bu illər ərzində Azərbaycan azarkeşi “Çelsi”ni, “Atletiko”nu, “Roma”nı, “Arsenal”ı, “Tottenhem”i və neçə-neçə böyük klubu öz komandasının rəqibi kimi izləyib. Uduzmuşuq da, udmuşuq da, bəzən bir addım qalmış dayanmışıq. Amma hər dəfə Avropa futbolunun içində olmuşuq. Bütün bunların mərkəzində də eyni adam dayanıb – Qurban Qurbanov.
“Tvente”yə uduzmaq olardımı? Əlbəttə. Uduzdu da. Futboldur. Üstəlik, komanda yenidən qurulur. Yenidənqurma prosesi isə heç vaxt ağrısız olmur. Yeni futbolçular, yeni balans, yeni münasibətlər... Belə dövrlərdə büdrəmək də, uğursuz gecə yaşamaq da mümkündür. Bir oyuna baxıb bütün sistemi, bütün keçmişi zibilliyə atmaq isə sadəcə futbolu 90 dəqiqədən ibarət görməkdir.
İndi sosial şəbəkədə divana yayılıb illəri bir məğlubiyyətə sığışdıran “ekspertlər” peyda olur. Sanki dünənə qədər “Qarabağ”ın qələbələrinə sevinən, reytinq hesablayan, püşkü gözləyən onlar deyildi. Tənqid edin. Qurbanovun heyət seçimini də, taktikasını da, transferlərini də sorğulayın. Amma tarixə qarşı ədalətsiz olmayın.
Hocanın maaşını, qazancını ortaya atanlar da var. Bu lap həyasızlıqdır. Dünyanın hər yerində uğurlu məşqçinin qazancı gördüyü işin, yaratdığı dəyərin və bazardakı çəkisinin qarşılığıdır. Qurbanovdan qat-qat çox qazanıb, ortaya bir şey qoya bilməyən məşqçilər isə tonladır. Avropada Simeone, Arteta, Qvardiola kimi məşqçilər milyonlarla maaş alırlar və heç kim bunu “cinayət sübutu” kimi ortaya qoymur. Çünki nəticə və yaratdıqları dəyər ortadadır.
Qurban Qurbanov da aldığı pulu kimdənsə zorla almır. Onun maaşını müqavilə bağladığı klub verir və bunun qarşılığında illərdir gördüyü iş göz qabağındadır. Çempionluqlar, kuboklar, ardıcıl Avropa mövsümləri, Çempionlar Liqası gecələri... Adam biləyinin haqqı ilə qazanıb. Qurban Qurbanovun maaşını sayana qədər, o maaşı qazandıran illərin nəticələrini də bir-bir sayın. Yoxsa sərf eləmir?! Eləməz də...
İdeal məşqçi yoxdur. Karyerasında uduzmayan, səhv etməyən məşqçi də olmayıb, olmayacaq da. Qurban Qurbanov da toxunulmaz deyil. Sadəcə onun uğursuzluğunu müzakirə edərkən bu ölkəyə nə verdiyini unutmamaq lazımdır. Bir məğlubiyyət illərin əməyini, yüzlərlə Avropa oyununu, tarixi nəticələri yox etmir.
Ən ürəkbulandıran da elə budur: insan çox tez öyrəşir. Bir vaxtlar “Azərbaycan klubu Avropada qrup mərhələsinə düşsə...” deyə xəyal qururduq. Qurban Qurbanov həmin xəyalı adiləşdirdi. Elə adiləşdirdi ki, indi Avropada bir məğlubiyyəti faciə sayırıq.
Bəlkə də onun ən böyük “günahı” budur – bu xalqa vaxtilə yuxusuna belə girməyən futbol sevinclərini o qədər çox yaşadıb ki, artıq onları adi hesab etməyə başlamışıq.