Mundialın finalı Hovard Uebbə tapşırıldı
09.07.2010 - 08:47
Mundialın finalı Hovard Uebbə tapşırıldı
Cənubi Afrika Respublikasında keçirilən 2010-cu il dünya çempionatının final oyununu idarə edəcək hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA iyulun 11-də Yohannesburqda Hollandiya və İspaniya yığmaları arasında keçiriləcək həlledici görüşü ingilis Hovard Uebbə etibar edib.

39 yaşlı referiyə həmyerliləri Darren Kenn və Maykl Mallarki yardımçı olacaq. Bu briqada mundilada üç oyunda idarəçilik edib. Bunlar qrup mərhələsində İspaniya – İsveçrə (0:1) və Slovakiya – İtaliya (3:2), 1/8 finalda Braziliya – Çili (3:0) görüşləridir.

Göründüyü kimi, ingilislər Hollandiyadan fərqli, İspaniyanın oyununda hakimlik edib və həmin görüş son Avropa çempionlarının gözlənilməz məğlubiyyəti ilə nəticələnib. Uebbin DÇ-2010-da nə qırmızı vərəqə göstərməsi, nə də penalti zərbəsi təyin etməsi də diqqəti çəkən məqamdır. O, köməkçiləri ilə birgə Çempionlar Liqasında son mövsümün finalına da təyinat almışdı.

Qeyd edək ki, istefada olan polis zabiti Uebb bizlərə də yaxşı tanışdır. Belə ki, yığmamızın son rəsmi oyunu olan Rusiya millisi ilə ötən ilin oktyabrın 14-də Bakıdakı rəsmi görüşünü (1:1) məhz bu ingilis referi idarə edib.