“Azərbaycanda idmana göstərilən dövlət qayğısı hamıda xoş təəssürat oyadır” - FOTO
30.07.2010 - 15:51
“Azərbaycanda idmana göstərilən dövlət qayğısı hamıda xoş təəssürat oyadır” - FOTO
“Biz Bolqarıstan yığma komandasının üzvləri ilə maraqlanırıq. Bu barədə federasiya prezidenti Anton Kodjabaşevlə söhbətim olub. Veleçko Çolakov, İvan Stoitsovun, Angel Petrov, Rumyana Petkova və Silviya Angelovanı London Olimpiadasında kömək üçün Azərbaycan yığma komandasına dəvət etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri ağır atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusev deyib.

Bolqarıstanlı mütəxəssis bildirib ki, Afina Olimpiadasının bürünc medalçısı Veleçko Çolakov və 2007-ci ildə Tailandda keçirilən dünya çempionatının qalibi İvan Stoitsovu digər ölkələr də heyətinə qatmaq arzusundadır. Böyük ehtimalla bu atletlərin Azərbaycana gəlmək şansını önə çəkən Rusev tezliklə hər şeyin öz yerini tutacağını deyib: “Fikrimcə, Bolqarıstanın titullu idmançıları Çolakov və Stoitsov Azərbaycanda çıxış edəcəklər. Burada idmana göstərilən dövlət qayğısı hamıda xoş təəssürat oyadır. Düzdür, bu atletlərdən birinə Yunanıstan, digərinə Hollandiyadan təklif var. Amma mən onlarla ətraflı söhbət etmişəm. Dünya çempionumuz özü mənə dedi ki, bu təklifi dəyərləndirər. Çünki bu Olimpiya çempionu olmaq üçün sonuncu şansdır”.

Rusev Azərbaycanın böyüklərdən ibarət yığma komandası ilə bərabər gənclər millisinin də inkişafı üçün legionerlərə güvənəcək. O, 17 yaşlı Boyanka Kostova ilə də danışıqların getdiyini təsdiqləyib: “Bəli, biz Kostovanın da xidmətində maraqlıyıq. Qarşıda yeniyetmələrin Olimpiya Oyunları gəlir. Onunla bu müddətdən sonra danışıqlarımız davam edəcək”.

Azərbaycanlı atletlərin dopinqdə ilişməsinə tam aydınlıq gəlmədiyini deyən Rusev bu bəlaların ağır atletikaya ağır zərbə vuracağından da şikayətlənib: “Dopinq bütün dünya idmanın bəlasına çevrilib. Lakin ağır atletika idmanında belə halların çox olması pis haldır. London-2012-də də idmanın bu növündə belə hadisələr baş verərsə, olimpiadadan çıxarılmaq təhlükəsi ilə üzləşə bilər”.