Şamil Əlimcanov: Söz verirəm ki, Azərbaycana medalla qayıdacağıq
09.08.2010 - 10:49
Şamil Əlimcanov: Söz verirəm ki, Azərbaycana medalla qayıdacağıq
“Hazırlığımız yüksək səviyyədə gedir. Təlim-məşq toplanışını 2 gün sonra başa vuracağıq. Olimpiadaya komandamız tam hazır vəziyyətdə yollanacaq”. Bu sözləri “apasport.az” saytına aşıqlamasında boks üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şamil Əlimcanov deyib.

Avqustun 14-də Sinqapurda start götürəcək yeniyetmələr arasında I Olimpiya Yay Oyunlarında Azərbaycanı 3 boksçu - Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq) və Elvin İsayev (57 kq) təmsil edəcək. Ş. Əlimcanov bildirib ki, Bakıda keçirilən dünya çempionatında mötəbər yarışa lisenziya qazanan idmançılarımız bu uğuru Asiya ölkəsində də davam edəcəklər: “Yetirmələrimin bütün rəqiblərinə qarşı layiqli mübarizə aparacağına inanıram. Onlar dünya çempionatında qazandıqları titulu siyahısına Olimpiya medallarını da əlavə edəcəklər. İlk dəfə keçiriləcək Olimpiadada fəxri kürsüyə yüksəlmək çətin olsa da, boksçularımız bunu bacaracaqlar”.

Ş. Əlimcanov yarışda əsas rəqiblər sırasında Avropa qitəsinin təmsilçilərini görür: “Olimpiadada əsas rəqiblərimiz “köhnə qitə”nin boksçuları olacaq. Fikrimcə, 48 kq çəki dərəcəsində Salman Əlizadənin ən çətin döyüşü dünya çempionatının final mərhələsində məğlub etdiyi irlandiyalı həmkarı ilə keçəcək. Əlizadənin bu boksçu ilə Sinqapur rinqində də döyüşünün gərgin alınacağını söyləmək olar. Şaban Şahpələngovun rəqibləri sırasında Rusiya və Puerto-Riko təmsilçilərini fərqləndirərdim. Elvin İsayevin qüvvəsini sınadığı 57 kq çəki dərəcəsində isə Almaniya yığmasının üzvü daha təhlükəlidir. Lakin bütün bunlara baxmayaraq, söz verirəm ki, Azərbaycana medalla qayıdacağıq”.

Qeyd edək ki, Sinqapur-2010 avqustun 14-də start götürsə də, boksçular mübarizəyə avqustun 21-də qoşulacaqlar. Onlar arasında final döyüşləri isə 4 gün sonra olacaq.

Tahir HÜMMƏTOV