Löv Ballakın Bakıya gəlməsini mümkün sayır
15.09.2010 - 23:08
Löv Ballakın Bakıya gəlməsini mümkün sayır
“Prinsipcə, düşünürəm ki, Mixael Ballak hələ yığmaya qayıda bilər. Onu böyük ambisiyaları yaşadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

Tanınmış mütəxəssis dünya çempionatı ərəfəsində zədələndiyi üçün mundialdan kənar qalan, bir müddət əvvəl yenidən xəsarət alan Mixael Ballakın durumu ilə bağlı fikirlərini açıqlayıb. Lövün fikrincə, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Bundestimin 34 yaşlı kapitanının yığma karyerasının bitdiyini düşünənlər yanılır: “Ballak milli komandadakı rəqabətdən heç vaxt çəkinməyib və həmişə yerini qaytarmaq üçün mübarizə aparıb. Yığmaya qayıtmaq üçün dünya çempionatından əvvəl aldığı zədəyə qədərki formasını yığmalıdır. Lakin deyə bilmərəm ki, belə vəziyyəti müşahidə etmək mənim üçün asandır. Çünki vaxt ötür və gənc futbolçular da yığmanın “qapısını döyür”.

Qeyd edək ki, yığmamız sentyabrın 7-də 1:6 hesabı ilə uduzduğu Ballaksız Almaniya ilə gələn il iyunun 7-də Bakıda qarşılaşacaq.
0