Bülənt Korkmaz Arda Turanın zədələnməsinin əsl səbəbini açıqladı
07.10.2010 - 10:48
Bülənt Korkmaz Arda Turanın zədələnməsinin əsl səbəbini açıqladı
“Qalarasaray” klubunun kapitanı Arda Turanın zədələnməsinin əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının düşərgəsində zədələnərək, Avro-2012-nin seçmə mərhələsində Almaniya və Azərbaycan milli komandaları ilə səfər oyunlarını buraxacaq yarımmüdafiəçi süni örtüklü meydançanın qurbanı olub.

“Qalatasaray”ın yetirməsi, hazırda isə “Fənərbaxça”nın formasını geyən Əmrə Belözoğlu zədənin səbəbinin sintetik qazonda məşq etməklə bağlı olduğunu bildirib. Ardanın “Qalatasaray”da baş məşqçisi olan Bülənt Korkmaz Əmrə ilə həmfikirdir. “Bakı” klubunun sabiq çalışdırıcı da süni örtüklü meydançalarda məşq edən futbolçularda qasıq, diz və bilək zədələrinə tez-tez rast gəlindiyini deyib: “Qalatasaray” klubunun aşağı yaşlı futbolçulardan ibarət komandaları süni örtüklü meydançalarda məşq edir. Belə meydançalarda məşq edən uşaqlarda qasıq, diz və bilək zədələrinə tez-tez rast gəlinir. “Qalatasaray”ın bütün aşağı yaşlı uşaqları zədələnib və bir sıra çarpaz bağlardan əməliyyat olunanlar var. Bu klubda işlədiyim zaman klub rəhbərliyinə dəfələrlə xəbərdarlıq etmişdim. “Qalatasaray”ın beş yaş üzrə komandası var və onlar hamısının eyni meydançada məşq etdiyini nəzər alsaq, qazonun bu yükü qaldıracağı mümkün deyil. Həm də bu örtüklər Rusiyadakı kimi yüksək keyfiyyətli deyil, çox bəsitdir”.

Qeyd edək ki, Turan ən azı Almaniya ilə sabahkı görüşdə meydana çıxmağa hazır olduğunu desə də, onun klubu və ən əsası, Türkiyə Futbol Federasiyası bunun əleyhinə çıxıb.