Yığmamızın ikinci səfər sınağı: İlk xalımızı Avstriyada qazanmalıyıq
07.10.2010 - 12:13
Yığmamızın ikinci səfər sınağı: İlk xalımızı Avstriyada qazanmalıyıq
Sabah Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, ardıcıl iki səfər görüşünü keçirəcək Berti Foqtsun yetirmələri Almaniyadan sonra Avstriya yığmasının qonağı olacaq. Cari seçmə mərhələyə Köln şəhərində ağır məğlubiyyətlə (1:6) başlayan yığmamız növbəti çətin sınaq qarşısındadır. Düzdür, Almaniya və Avstriya yığmalarını gücünə görə eyniləşdirmək olmaz.

Ancaq hər halda, bu iki ölkə bir sıra oxşarlıqları – eyni dildə danışması, eyni oyun üslubu ilə diqqəti çəkir və avstriyalılar yaxşı ortabab kimi Avropada tanınır. Bizim kimi ilk turda istirahət edən Avstriya yığması debütdə evdə Qazaxıstan üzərində çətin qələbə qazanıb – 2:0. Rəqib yalnız oyunun sonunda qazaxların müqavimətini qıra bilib.

Təbii ki, millilərimiz Almaniyadakı nəticədən sonra azarkeşlərimiz qarşısında bəraət qazanmalıdır. Bunun ən yaxşı yolu sabah yaxşı oyun və ən əsası, nəticə ola bilər. Düzdür, məşhur “Ernst Happel” stadionunda qalib gələcəyimiz real görünmür. Ancaq Vyanada xal qazanmaq mümkün görünür. Necə deyərlər, xal qazanmağın vaxtıdır və buna səfərdə nail olmaq lazımdır.

Heyətlə bağlı ciddi itkiləri olmayan Foqts yalnız “İnter”in müdafiəçisi Vladimir Levinin zədə üzündən xidmətindən məhrumdur. İndi alman mütəxəssisi əsas qayğılandıran kapitanı, liderlərindən olan Rəşad Sadıqovun vəziyyətidir. Artıq bir aydır oynamayan mərkəz müdafiəçisi sonuncu görüşünü Almaniya yığması ilə keçirib. Rəşadın Türkiyənin “Əskişəhərspor” klubunda keçirdiyi bir ayda hələ debüt etməməyi onun oyun praktikası sarıdan korluq çəkməsi deməkdir.

Təbii ki, yığmamızın aparıcı futbolçusunun məsul sınaq öncəsi belə problemlə üzləşməsi yaxşı hal deyil. Daha bir mərkəz müdafiəçisi Ruslan Abışov isə Levin kimi avqustdan zədəlidir və onlar Almaniyaya aparılsalar da, hazırlıqdan kənarda qaldılar. Abışov artıq sağalsa da, onun da uzun müddət oynamamağı problem yaradır.

“Qəbələ” klubunda inamlı oyunu, qol vurmaq bacarığını nümayiş etdirən Saşa Yunisoğlunun yenə Rəşadla birgə müdafiənin mərkəzində oynamaq şansı böyükdür. Müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Cavid Hüseynov soyuqladıqları üçün qrup halında yox, fərdi məşq edirlər. Foqts üçün ürəkaçıcı məqam əsas hücumçularından olan Vaqif Cavadovun artıq oyun praktikası sarıdan korluq çəkməməyidir. Hollandiyanın “Tvente” klubu ehtiyatda saxladığı Vaqifi “Bakı” klubuna icarəyə verəndən sonra futbolçumuz daim meydana çıxır, çempionatımızda qol da vurub.

Avro-2012-nin seçmə mərhələ oyunu

23:30. AVSTRİYA – AZƏRBAYCAN

Baş hakim: Nikolay Vollkvarts (Danimarka)
Hakim-köməkçiləri: Torben Yensen, Henrik Kristensen, Kenn Hansen (hamısı Danimarka)
Hakim-inspektor: Mişel Votro (Fransa)
UEFA nümayəndəsi: Dumitru Mihalaçe (Rumıniya)
Vyana. “Ernst Happel” stadionu

Mehman SÜLEYMANOV