Nəriman Abdullayev: O, belə döyüşlə yığmaya qayıda bilməyəcək
07.10.2010 - 12:41
Nəriman Abdullayev: O, belə döyüşlə yığmaya qayıda bilməyəcək
“İlk Azərbaycan kuboku maraqlı və gərgin keçdi. Bu onu göstərir ki, ildən-ilə yığmaya düşmək üçün rəqabət artır”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə milli komandanın məşqçisi Nəriman Abdullayev deyib.

O, boks üzrə başa çatan Azərbaycan kubokunda gözlənilməz nəticələrin qeydə alınmasını gənc nəslin yetişməsi ilə izah edib: “Yarışda ölkəmizin ən güclü boksçuları mübarizə aparırdılar. Lakin tanınmış və titullu idmançılarımız ümidləri doğrultmadılar. Onlar özlərindən zəif və təcrübəsiz gənclər qarşısında çox aciz görünürdülər. Turnir bu baxımdan çox əhəmiyyətli oldu”.

Azərbaycan kubokunda nizam-intizama görə yığmadan qovulan dünya çempionatının mükafatçıları - Samir Məmmədov və Elçin Əlizadə də mübarizə aparıblar. Lakin Abdullayevin sözlərinə görə, onlar yenidən əsas komandaya qayıtmaq üçün əllərinə düşən gözəl şansdan lazımınca istifadə edə bilməyiblər: “Yarışda yığmadan qovulan Məmmədov və Əlizadəyə də şans vermişdik. Elçindən fərqli, Samir döyüşlərə çox ciddi hazırlaşmışdı. Lakin onun finalda gözlənilmədən güclü zərbə alaraq nokauta düşməsi çoxlarını təəccübləndirdi. Çünki Samir kimi təcrübəli boksçu elə zərbə “buraxmamalı” idi. Elçin isə tamamilə zəif çıxış etdi. O, belə döyüşlə yığmaya qayıda bilməyəcək. Onun çəkisində Teymur Məmmədovda gözəl inkişaf gedir. Ürəklə sonacan döyüşür və perspektiv vəd edir. Yığmamızın digər təcrübəli üzvü Emil Məhərrəmovun da həlledici görüşdə nokautla uduzması yaxşı hal deyil. Amma bu bir tərəfdən ölkəmizdə boksun inkişafı üçün gözəl zəmin yaradır və gəncləri üzə çıxmasında böyük rol oynayır. İnanıram ki, növbəti Azərbaycan çempionatında rəqabət daha da artacaq. Milli komandaya güclü, gənc və öz üzərində daima işləyən boksçular cəlb ediləcək”.

Qeyd edək ki, 3 gün davam edən Azərbaycan kubokunda 60 ən güclü idmançımız qüvvəsini sınayıb.