Foqts: Avstriyada dostlarım olsa da, bura qələbə dalınca gəlmişəm
07.10.2010 - 14:44
Foqts: Avstriyada dostlarım olsa da, bura qələbə dalınca gəlmişəm
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avro-2012-nin Avstriya ilə sabahkı seçmə oyunu ərəfəsində mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Vyanada yerli və azərbaycanlı jurnalistlər qarşısına çıxan almaniyalı mütəxəssis onların suallarını cavablandırıb.

- Avstriya yığması ilə oyuna hazırlıq necə gedir?
- İlk olaraq, sizləri salamlayıram. Bura gələn jurnalistlərin bəzilərini tanıyıram. Onlar ötən ay bizimlə Almaniyaya da getmişdilər, daim millinin yanında olduqları üçün onlara minnətdaram. Avstriyadakı şəraitdən çox razıyam, bizim üçün hər şey yaradılıb. O ki, qaldı komandamızın sabahkı matça necə hazırlaşmağına, bu haqda danışmaq istəmirəm.

- Heyətdə hansı problemlər var?
- Vladimir Levin zədəli olduğu üçün bizimlə gəlməyib. Ruslan Abışov zədədən sonra Premyer Liqad cəmi 20 dəqiqə oynayıb. Maksim Medvedev burada komanda ilə hazırlıq keçməyib. Onun çox böyük potensialı var, gələcəkdə böyük klublarla müqavilə bağlaya bilər. Oyuna gəlincə, mən Avstriyaya uduzmağa gəlməmişəm. Biz öz oyunumuzu göstərsək, qələbə qazana bilərik.

- Avstriyaya münasibətiniz necədir?
- Çox gözəl. Burada yaxşı dostlarım var. Baş məşqçini tanıyıram. Buna baxmayaraq məqsədim Bakıya xalla qayıtmaqdır.

- Səlahət Ağayevin yerinə Aqil Məmmədovun üçüncü qapıçı kimi Avstriyaya gətirilməsi nə ilə bağlıdır?
- Məsələ ondadır ki, Səlahət zədəlidir, Aqilin isə qapıçı kimi yaxşı keyfiyyətləri var. Onun 20 yaşı olsa da ondan razıyıq. AFFA ilə müqavilə bağladığımız vaxt əsas məqsədimiz millini deyil, bütün futbolu inkişaf etdirmək idi. Bu cavan uşaqlara da şans verməliyəm. Ona görə də Səlahətin yoxluğunda Aqili çağırmışam.

- Sizdən əvvəl çıxış edən futbolçular Vyanadan xalla dönmək istəyində olduğunu bildirdilər. Sizcə bu, mümkündürmü?
- Mənim komandam bunu bacara bilər. Ancaq problem ondadır ki, Avstriya ilə oyundan 4 gün sonra Bakıda Türkiyə ilə qarşılaşacağıq. Düzdür, bizim futbolçular belə qrafikə öyrəşməyiblər. Biz də bunun üzərində işləyirik. Bu planda çatışmazlıq var. “Qarabağ” da Avroliqada 4-5 gündən bir oynayırdı. “Borussiya” ilə də ona görə oynaya bilmədilər ki. belə sıx cədvələ, həftədə 2 matç keçirməyə öyrəşməyiblər. Mənim də işim bu problemi aradan qaldırmaqdır.

- Sabahkı oyunda elə futbolçu var ki, komandanı arxasınca apara bilsin?
- Avstriya bizdən əvvəlki, Qazaxıstanla oyunun sonlarında 2 qol vurub qələbə qazandı. Onlar həmin oyundan nəticə çıxarıblar. Buna görə də bizimlə oyuna ciddi hazırlaşıblar. Sabahkı matç çox çətin keçəcək. Mən komandadakı yaşlı oyunçularla söhbət etmişəm. Onlara tapşırıq vermişəm ki, yeri gəlsə gənclərin üstünə qışqırsınlar ki, onlar futbolu 90 dəqiqə oynamalıdırlar. Yəni meydanda son dəqiqələrədək mübarizə aparmaq lazımdır. Misal üçün, Almaniya ilə görüşün hissələrinin sonlarında 4 qol buraxmışdıq. Təsəvvür edin ki, həmin qollar olmasaydı, belə çıxır, biz Almaniyaya 1:2 hesabı ilə uduzardıq. Çempionatda hər turun oyunlarına baxıram. Klublarda lazımınca məşq keçirilmir. Bizim də tez-tez təlim-məşq toplanışına yığılmağım bununla bağlıdır.

- İki ildən artıqdır Azərbaycanda yaşayırsınız. Bu müddətdə ölkə haqda hansı təəssüratlarınız yaranıb?
- Bakı gözəl şəhərdir, azərbaycanlılar çox qonaqpərvərdir. Hamınızı BakIya dəvət edirəm. Sabahki görüşdə hər iki komandaya uğurlar arzulayıram.

- Sabah sürpriz olsa, bu Didi Konstantininin Avstriya yığmasında son oyunu olacaq...
- Bu haqda fikirləşmirik. Çalışıb öz oyunumuzu göstərməliyik. Avstriya yığması imkan versə qələbə qazanacağıq.