Samir Abasov: Avstriyada uduzmamaq elə ən yaxşı nəticə olardı
07.10.2010 - 15:56
Samir Abasov: Avstriyada uduzmamaq elə ən yaxşı nəticə olardı
Azərbaycan milli komandasının futbolçuları Avro-2012-nin Avstriya ilə sabah keçiriləcək seçmə oyunu ərəfəsində mətbuat konfransı keçiriblər. Apasport.az saytının məlumatına görə, oyunun baş tutacağı Vyanada təşkil olunan tədbirdə Samir Abasov, Elnur Allahverdiyev və Araz Abdullayev KİV nümayəndələrinin suallarını cavablandırıblar.

- Avstriya ilə sabah keçiriləcək oyun haqda nə düşünürsünüz?

S.A. :
Avstriya ilə oyunun hazırlıqlarına Bakıda başlamışıq. Görüşə çox ciddi hazırlaşmışıq. Avstriya yığması güclü rəqibdir. Lakin biz də məşqlərimizin bəhrəsini görmək istəyirik. Avstriya futbolu alman futboluna yaxındır, bənzərdir. Bura uduzmaq üçün gəlməmişik. Məqsədimiz odur ki, Bakıya xalla qayıdaq.

E.A. : Biz bu matça çox ciddi yanaşırıq. Bilirik ki. avstriyalılar ilk oyunda Qazaxıstanı məğlub ediblər. Onlar sonadək mübarizə aparırlar. Biz də görüşə yaxşı hazırlaşmışıq. Bizim də öz prinsiplərimiz var. Əsas məqsədimiz xal qazanmaqdır.

A.A. : Yaxşı məşq etmişik. Yaxşı nəticə qazanıb. Bakıya alnıaçıq qayıtmaq istəyirik.

- Yaxşı nəticə deyəndə nəyi nəzərdə tutursunuz?

S.A. :
Uduzmamaq elə ən yaxşı nəticə olardı.

E.A. : Bu, sabah bilinəcək. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Bakıya xalla qayıtmaq niyyətindəyik. Sabahkı oyunda özümüzü göstərmək istəyirik.

- Bundan əvvəlki görüşdə Almaniyaya 1:6 hesabı ilə uduzmusunuz. Belə məğlubiyyətdən sonra Avstriya ilə oyuna nə dərəcədə hazırsınız?

S.A. :
Biz elə məğlubiyyətə layiq deyildik. Sadəcə, həmin görüşdə gücümüzü göstərə bilmədik. Düşünürəm ki, Kölndə böyük bir uğursuzluq yaşadıq. İndi komandada başqa ab-hava var. İnanmıram ki, Kölndə baş verənlər yenə təkrarlansın.

- Araz, siz artıq “Everton”la müqavilə imzalamısınız. İngiltərə təmsilçisinin nümayəndələri komandamızın oyununu izləməyə gələcək?

A.A. :
Onlar hər oyunumu izləyirlər: həm ölkə çempionatında, həm də yığmada. Sabah meydana çıxıb-çıxmayacağımız bilmirəm. Çox istərdim ki, Berti Foqts mənə etimad göstərsin və mən çıxıb özümü göstərim.

- Elnur, karyeranız boyu daha çox cinah müdafiəçisi kimi oynamısınız. İndi sizin üçün dayaq yarımmüdafiəçisi kimi çıxış etmək çətin deyil ki?

E.A. :
Məşqçi harada oynadırsa, orada da mübarizə aparıram. Deyə bilmərəm ki, dayaq yarımmüdafiəçisi kimi yaxşı oynayıram. Çalışacağam ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirim.

- Avstriya yığmasının oyunu təhlil edilib. əvvəlki rəqibiniz Almaniya ilə müqayisə olunubmu?

A.A. :
Almaniya yığması dünyanın ən güclü komandalarından biridir. Avstriya isə səviyyəsinə görə onlardan geri qalır.

E.A. : İki rəqib arasında böyük fərq var. Almaniya dünyanın ən yaxşı yığmalarındandır.

- Almaniya ilə oyunla müqayisədə millimizin hazırlığında hər hansı fərq oldu?

S.A. :
Heç bir fərq yoxdur. Yalnız məşq keçdiyimiz məkan fərqli oldu.