“Baxın görün, onlar hansı klublarda oynayır, biz harada”
09.10.2010 - 01:50
“Baxın görün, onlar hansı klublarda oynayır, biz harada”
“Rəqibin güclü cəhətlərinin standart vəziyyətlər olduğunu bilirdik və bunun üzərində çox işləmişdik. Amma ilk yarıda ani bir səhv qol buraxmağımıza səbəb oldu. Bununla belə, birinci 45 dəqiqədə yaxşı oynadıq. İkinci hissədə isə, fikrimcə gücümüz çatmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Avropa çempionatının Avstriya ilə səfər matçı barədə fikirlərini bölüşən futbolçumuz bildirib ki, rəqib buraxdığımız səhvlər hesabına qələbə qazanıb: “Rauf Əliyevin yıxıldığı epizodda penalti var idi. Rəqib bizi bizim səhvlərimiz hesabına məğlub etdi. Demək olar ki, hər səhvimiz qolla nəticələndi. Onların başqa qol vəziyyətləri qaçırdıqları yadıma gəlmir. Bu məğlubiyyəti unudub, 4 gün sonra Bakıda Türkiyə yığması ilə oyuna hazırlaşmalıyıq. Evdə ilk oyunumuz olduğundan mütləq qələbə qazanmalıyıq. Səfərdəki görüşlərdə çətinlik çəksək də, Bakıda aqressiv oynayıb, azarkeşlərimiz sevindirməli və qələbə qazanmalıyıq”.

Sadıqov bildirib ki, yığmamızın uğurlu çıxışı üçün heyətdə legioner futbolçularımız olmalıdır: “Baxın görün, Avstriya yığmasının futbolçuları hansı klublarda oynayır, biz harada. Bizdə cəmisi 2 legioner var: mən və Mahir Şükürov. Düşünürəm ki, yığmada 7-8 legioner olmalıdır ki, biz də uğur qazanaq”.