Legionerimizin fərqli nəticələri
09.10.2010 - 10:13
Legionerimizin fərqli nəticələri
Azərbaycan milli çempionatında oynayan legionerlər Avro-2012-nin seçmə mərhələsində milli komandalarının şərəfini qoruyublar. Apasport.az saytının məlumatına görə, III turda Unibank Premyer Liqasının əcnəbi iştirakçılarının bəziləri özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Onlar arasında ən böyük sevinci “İnter”in müdafiəçisi Dmitri Kruqlov yaşayıb. Belə ki, onun şərəfini qoruduğu Estoniya yığması səfərdə Serbiya üzərində inamlı qələbə ilə turun sensasiyalarından birini müəyyənləşdirib. Azərbaycan çempionunun futbolçusu əsas heyətdə yer alıb və komandasının əzmkar qələbəsinə şahid olub.

“Neftçi”nin və “İnter”in üzvlərinin çıxış etdikləri Makedoniya yığması da səfərdən 3 xalla dönüblər. Andorraya 2:0 hesabı ilə qalib gələn qonaqların heyətində ölkəmizdə çıxış edən hər 3 legioner start heyətində meydana çıxıb. Lakin İqor Mitrevski (“Neftçi”) və Filip Despotovskidən (“İnter”) fərqli, Slavço Georgiyevski (“Neftçi”) 34-cü dəqiqədə əvəzlənib.

Albanların evdə Bosniya və Herseqovina ilə heç-heçə etməsini uğurlu nəticə saymaq olar. Ancaq müdafiəçi Admir Teli “Qarabağ”da əsas heyət oyunçusu olsa da, yenə də yığmada meydana çıxmaq şansı qazanmayıb. Ansi Aqolli isə rəqibə qarşı 90 dəqiqə mübarizə aparıb.

Latviya yığmasının şərəfini qoruyan Girts Karlson (“İnter”) və Andrey Rubins (“Qarabağ”) növbəti dəfə Bakıya məğlubiyyətlə qayıdacaqlar. II turda Xorvatiyaya böyük hesabla uduzan latviyalılar bu dəfə də Yunanıstanla bacara bilməyiblər.

Moldovanın evdə Hollandiyaya uduzması gözlənilən olsa da, “Bakı”nın üzvləri - Aleksey Savinovla Vadim Boretsin ehtiyatda qalması gözlənilməz olub. Dünya çempionatının finalçısının qələbəsini onlar ehtiyat oyunçular skamyasından izləyiblər.

“İnter”in litvalı hücumçusu Robertas Poşkus İspaniya ilə görüşün son 5 dəqiqədə iştirak etsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib. “Neftçi”nin əsas qapıçısı olan həmyerlisi Paulius Qribauskas isə ehtiyatda qalıb.

Unibank Premyer Liqasında oynayan legionerlər Avro-2012-nin seçmə mərhələ oyunlarında

Serbiya - Estoniya – 1:3

Qonaqların heyətində Dmitri Kruqlov (“İnter”) 90 dəqiqə oynayıb.

Andorra – Makedoniya – 0:2
Qonaqlardan İqor Mitrevski 90 dəqiqə, Slavço Georgiyevski (hər ikisi “Neftçi”) ilk 34 dəqiqədə meydanda olub. Filip Despotovski (“İnter”) də start heyətində yer alıb və 90 dəqiqə forma geyinib.

Albaniya – Bosniya və Herseqovina - 1:1
“Qarabağ”ın futbolçularından Ansi Aqolli 90 dəqiqə oynayıb, Admir Teli isə ehtiyatda qalıb.

Yunanıstan - Latviya – 1:0
Qonaqlardan Andrey Rubins (“Qarabağ”) start heyətində meydana çıxıb və 65-ci dəqiqədə əvəz olunub. Girts Karlson (“İnter”) oyunun son 17 dəqiqəsində forma geyib.

Moldova – Hollandiya – 0:1
Meydan sahiblərindən Aleksey Savinovla Vadim Borets (hər ikisi “Bakı”) oyunu ehtiyat oyunçular skamyasından izləyiblər.

İspaniya - Litva – 3:1
Qonaqlardan Robertas Poşkus (“İnter”) 85-ci dəqiqədə oyuna girib, Paulius Qribauskas (“Neftçi”) isə ehtiyat oyunçular arasında olub.