“Bakı”nın futbolçuları Qus Hiddinkin qəzəbinə tuş gəldi
11.10.2010 - 09:37
“Bakı”nın futbolçuları Qus Hiddinkin qəzəbinə tuş gəldi
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyə yığması oyunun hazırlıqlarını ölkəmizdə davam etdirir. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun bazasında məşq keçən “ay-ulduzlular”ın hazırlığı zamanı xoşagəlməz hadisə yaşanıb.

Belə ki, klubun azyaşlılardan ibarət komandasının üzvləri Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin qəzəbinə tuş gəlib. Qonaqların məşqini izləyən, Almaniyada biabırçı məğlubiyyət alan türkiyəliləri alqışlayan balacaların səs-küyü hollandiyalı mütəxəssisin xoşuna gəlməyib. Bundestimdən aldığı zərbədən sonra özünə gələ bilməyən çalışdırıcı darmadağının acığını nəvəsi yaşda uşaqlardan çıxmaq istəyib. Sanki Berlində uduzan Türkiyə yığmasının ulduzları deyil, həmin uşaqlar imiş.

Əvvəl balaca futbolçulara əli ilə “susun” işarəsi verən Hiddink, səs-küyün azalmadığını görüncə, sərt xəbərdarlıq edib: “Bağırmayın, yoxsa hamınızı qovaram”.

Məşqdən sonra uşaqlarla sərt davrandığını dərk edən hollandiyalı səhvini düzəltmək üçün onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 8-də Berlində keçirilən oyunda Almaniya yığması tərəfindən darmadağın edilib – 3:0.