5 yığmada çalışan mütəxəssislərin 5-ci dueli
11.10.2010 - 23:03
5 yığmada çalışan mütəxəssislərin 5-ci dueli
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Türkiyə görüşü həm də iki tanınmış mütəxəssisin qarşıdurmasının növbəti səhnəsi olacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın almaniyalı çalışdırıcısı Foqts indiyədək 4 dəfə hollandiyalı rəqibi Qus Hiddinklə üz-üzə gəlib.

Millimizin 64 yaşlı çalışdırıcısının Türkiyə yığmasından olan həmkarı ilə ilk dueli 14 il əvvələ təsadüf edib. Həmin vaxt hər iki məşqçi öz doğma millisinə rəhbərlik edirdi. 1996-cı il aprelin 24-də Rotterdamda baş tutan qarşılaşmada Almaniya Hollandiyanı 1:0 hesabı ilə məğlub edib. Bu, Foqtsun Hiddink üzərində birinci və hələlik sonuncu qələbəsidir.

2002-ci il mayın 6-da isə hollandiyalı rəqibini darmadağınla keçdi. Hiddinkin rəhbərlik etdiyi Cənubi Koreya yığması Foqtslu Şotlandiyanı 4:1 hesabı ilə məğlubiyyətə uğratdı. Bundan sonrakı iki matç isə seçmə mərhələ çərçivəsində olub. DÇ-2010-a vəsiqə uğrunda mübarizədə almaniyalı Azərbaycan, hollandiyalı isə Rusiya yığmasına rəhbərlik edirdi. Moskvadakı dueldə 2:0 hesabına sevinən Hiddink Bakıdan 1 xalla qayıtmağı bacarmışdı – 1:1.

Bir sözlə, Foqtsun 1, Hiddinkin 2 dəfə qalib gəldiyi rəqabətdə 1 matç heç-heçə ilə nəticələnib. Top fərqində hollandiyalının üstünlüyü daha böyükdür – 10:3.

Qeyd edək ki, hər iki məşqçi karyerası boyu 3 qitəni təmsil edən 5 yığmaya rəhbərlik edib. Avropa, Asiya, həmçinin Afrikada çalışmış Foqts Almaniya, Şotlandiya, Küveyt, Nigeriya və Azərbaycan, Avropa, Asiya və Avstraliyanı görmüş Hiddink isə Hollandiya, Cənubi Koreya, Avstraliya. Rusiya, Türkiyə millilərində baş məşqçi olub.