“Meydanın ot örtüyü uğurumuza mane ola bilər”
11.10.2010 - 15:47
“Meydanın ot örtüyü uğurumuza mane ola bilər”
“Azərbaycanla oyuna yalnız qələbə üçün çıxacağıq. Çətin bir görüş olacaq. Meydanın ot örtüyü də uğurumuza mane ola bilər. Artıq bu barədə futbolçular da məlumatlandırılıb. Amma nə olursa-olsun, qələbədən başqa yolumuz yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) Milli Komandalar Departamentinin rəhbəri Levent Kızıla məxsusdur.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə sabahkı səfər oyununa 3 xal üçün çıxacaqlarını deyən Kızıl Almaniyaya acı məğlubiyyəti artıq yaddan çıxardıqlarını bildirib: “Artıq psixoloji cəhətdən hazırıq. Təbii ki, xal itirməyin sonda baha başa gələ biləcəyini futbolçular fikirləşə bilərlər. Lakin onlar peşəkardırlar. Bunun üçün meydana çıxacaqlar və rəqibi məğlub edəcəklər. Burada zədə problemi də yaşamaq istəmirik. Artıq kifayət qədər futbolçularımız millidən kənar qalıblar”.

TFF-nin rəsmisinin sözlərinə görə, yığmaları qrup matçlarında birinci və sonuncu məğlubiyyətlərini alıb. Onlar bundan sonra bütün oyunlarda qələbə qazanaraq, seçmə mərhələni 27 xalla 1-ci pillədə başa vurmağı planlaşdırırlar: “Biz Almaniya və Azərbaycanla oyunlarda 4 xala ümid edirdik. Amma artıq 1 xal itirdik və sabah 3 xalı qazanacağıq. Rəqibimizə qalib gəlməklə azarkeşlərimizin də üzüntülərinə son qoyacağıq. Bu oyunumuz da daxil olmaqla qrupda 7 matç keçirəcəyik. Qarşılaşmaların hamısında qalib gəlib, 21 xal toplamağı planlaşdırırıq. Bunu bacardığımız halda, 1-ci yerin sahibi kimi yolumuzu davam etdirəcəyik. Amma ən yaxşı ikinci pillənin sahibi də ola bilərik”.

Qeyd edək ki, Türkiyə yığması 3 qarşılaşmadan sonra 6 xal toplayıb.