“Türkiyə yığmasının indiyədək Azərbaycanla oyunları çətin keçib”
12.10.2010 - 10:12
“Türkiyə yığmasının indiyədək Azərbaycanla oyunları çətin keçib”
“Hər iki milli komanda üçün çətin oyun olacaq. Azərbaycan millisi zəif rəqib kimi görünsə də, meydanda mübarizə aparan, aqressiv futbol oynayan komandadır”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Sabah” qəzetinin idman yazarı Gürcan Bilgiç deyib.

Azərbaycan – Türkiyə qarşılaşmasına ezam olunan həmkarımız bu gün keçiriləcək oyunla bağlı fikirlərini bildirib. “NTV spor”da da şərhçilik edən Gürcan qarşılaşmanın çətin keçəcəyini bu cür izah edib: “Türkiyənin indiyədək Azərbaycanla oynadığı oyunları çətin keçib. Türkiyə millisi bunu yaxşı dərk edir. Hər iki komanda oyuna ciddi hazırlaşıb, köklənib. Ona görə də son dəqiqələrə qədər meydanda amansız mübarizənin gedəcəyini düşünürəm. Standart vəziyyətlər – künc zərbələri, cərimə zərbələri Türkiyə millisi üçün çox önəmlidir. Türkiyənin erkən qol vurması, hesabın daha da böyük olmasına gətirib çıxara bilər. Amma qarşılaşmanın uzun müddət bərabər səviyyəli getməsi hər şeyi Azərbaycan milli komandasının lehinə çevirə bilər”.

Həmkarımızı narahat edən əsas məsələ meydanın əlverişsiz olmasıdır. O, bunun hər iki milli komanda üçün problem yarada biləcəyini düşünür: “Məncə, meydançanın belə bir vəziyyətdə olması həm Azərbaycan, həm də Türkiyə üçün heç də xoş deyil. Bunun da əsas səbəbi beynəlxalq təcrübənizin az olmasıdır. Türkiyə liqalarına daha çox azərbaycanlı futbolçu top qovmalıdır. Daha səviyyəli çempionatlarda top qovaraq, daha güclü və sərt rəqiblərə qarşı mübarizə apararaq, özlərini inkişaf etdirməlidirlər. Bunu edəcəkləri təqdirdə, avtomatik olaraq milli komandanızın da səviyyəsi artacaq. Azərbaycanda futbolun çox sevildiyini bilirəm. Yerli azarkeşlər çox çılğın və aqressivdirlər. Sonacan milli komandalarına dəstək verirlər”.