Azərbaycan ilk qələbəsini Türkiyə üzərində qazandı
12.10.2010 - 20:51
Azərbaycan ilk qələbəsini Türkiyə üzərində qazandı
Bu gün Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsində ilk ev oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız ilk qələbəsini Türkiyə ilə görüşdə qazanıb. Bir aydır müqavilə imzaladığı “Əskişəhərspor”da dübüt etməyən Rəşad Sadıqov yığmamızın kapitanı və əsl lideri olduğunu sübut edib. Türkiyəlilərə ikinci dəfə qol vurmaqla bu dəfə yığmamıza qələbə qazandıran 28 yaşlı müdafiəçi öz səviyyəsini qonşu ölkəyə də sübut edib.

Qardaş ölkə komandaları tarixlərində 6-cı dəfə görüşüblər. “Ay-ulduzlular”a əvvəlki rəsmi oyunların hər ikisində uduzan yığmamız qalan üç yoldaşlıq görüşünün yalnız birində meydanı məğlub tərk etməyib. 2006-cı ilin aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən həmin görüş türklərə yenilmədiyimiz, qol vurduğumuz yeganə oyun idi.


Avro-2012-nin seçmə mərhələ oyunu
12 oktyabr


20:00. AZƏRBAYCAN – TÜRKİYƏ - 1:0
QOL: Rəşad Sadıqov, 39
SARI VƏRƏQƏLƏR: Mahir Şükürov. 58, Hakan Balta, 58, Rahid Əmirquliyev, 60, Kamran Ağayev, 80, Aleksandr Çertoqanov, 86
Baş hakim: Aleksandru Dyakonu (Rumıniya)
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov (8. Aleksandr Çertoqanov, 45+1), 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 5. Elnur Allahverdiyev, 15. Ruslan Abuşov, 19. Rahid Əmirquliyev, 4. Mahir Şükürov, 17. Vüqar Nadirov, 7. Vaqif Cavadov (13. Vurğun Hüseynov, 85), 21. Fərid Quliyev (11. Rauf Əliyev, 71)
TÜRKİYƏ: 1. Volkan Dəmirəl, 2. Sərvət Çətin, 3. Hakan Balta, 5. Əmrə Belözoğlu (k), 6. Hamit Altıntop, 7. Gökham Gönül, 9. Semih Şəntürk, 10. Tuncay Şanlı (17. Sərcan Yıldırım, 61), 14. Özər Hurmaçı (8. Nihat Kahveçi, 46), 18. Səlcuk İnan (21. Xəlil Altıntop, 81), 19. İbrahim Toraman

Oyun başladı.
1. Topa ilk toxunuş və ilk hücum qonaqlardan gəldi.
5. Sağ cinahla təhlükəli hücumumuzda yığmamız qola çox yaxın oldu. Abuşovun ötürməsindən sonra Şükürov cərimə meydanina daxil olub qapi önünə ötürmə etdi. top Volkanin da üstündən keçdi. Lakin zərbə vuran tapılmadı. Tuncay isə topu küncə çıxardı.
6. Qonaqların hücumu Tuncayla başladı. lakin onun qapı önünə ötürməsini qapayan tapılmadı.
9. Cavadov rəqib qapıçı ilə təkbətək qala bilərdi. lakin o, şansı dəyərləndirə bilmədi.
12. Gokhanın baş zərbəsindən sonra Saşaya çarpan top Kamrana düşdü.
14. Qonaqlar təzyiqi artırıblar. Bu millimiz üçün əks-hücum şansı yaradır. Qonaqları məhz bu vəziyyətlərdə cəzalandırmaq olar.
17. Rəşadın təxminən 25 metrdən vurduğu zərbə Volkana gərginlik yaşatdı. lakin zərbədə dəqiqlik çatmadı.
18. Tuncayın fəallığı fayda vermir. Hamitin zərbəsi zamanı isə bəxtimiz gətirdi ki, top dirəkdən döndü.
19. Kamran qapıdan zərbə vuranda özü də yerə yıxıldı.
21. Ağayev növbəti dəfə oyuna girişməli oldu.
24. Özərin ötürməsindən sonra Tuncayın zərbəsi təhlükəli olduğu qədər də qeyri-dəqiq oldu.
26. Fəallıqda Tuncaydan geri qalmayan Hamit qapıçı ilə üz-üzə qaldı. Türkiyəlinin zərbəsini yumruqlarını cütləşdirən Ağayev aldı.
27. Millimiz böyük qüvvə ilə müdafiə olunur.
30. Əks-hücum üçün əlverişli imkan yaransada Cavadov ötürmədə səhvə yol verir.
31. Tuncayın ötürməsindən sonra Semih oyundan kənar vəziyyətə düşdü. Əks halda o qol imkanı əldə edəcəkdi.
35. Millimizi qoldan Ağayev xilas etdi. O, Gökhanın qüvvətli zərbəsindən sonra məharətini göstərdi.
38. Fərid rəqiblə mübarizədə künc zərbəsi qazandı.
39. Mahirin ötürməsindən sonra yığmamızın artıq klassikləşmiş ev tapşırığı və... Rəşad hesabı açdı - 1:0. Topun üzərindən Nadirov və Əmirquliyev tullanmaqla Volkanı çaşdırdılar.
42. Türkiyəlilər sanki şoka düşüblər. Nadirovun o qədər güclü olmayan zərbəsindən sonra Volkan topu əlində saxlaya bilmədi.
44. Tuncay zərbə vurmaq istəyərkən top əvəzinə Railə dəydi. Müdafiəçimiz zədələnib.
45+1. Foqts Raili Aleksandr Çertoqanovla əvəzlədi.
İlk yarı başa çatdı - 1:0.

İkinci hissə başladı.
Hiddink meydana təcrübəli Nihat kahveçini buraxdı.
46. Yığmamız künc zərbəsi yerinə yetirir. Artıq komandamız da böyük qüvvə ilə hücuma keçir.
47. Cavadovun künc zərbəsi təhlükəli olsa da qolla nəticələnmir.
50. Nihat oyuna çox fəal daxil olur. O, ardıcıl 2 zərbə endirdi.
54. Qonaqların bəxti gətirdi. Nadirovun sol cinahdan asmasından sonra yığmamızın 3 futbolçusu qapıçı ilə üz-üzə qaldı. Volkanın bəxti də onda gətirdi ki, topa son toxunan Çertoqanov oldu. Zərbəsi alınmayan futbolçumuzun toxunuşundan sonra Dəmirəl topu küncə çıxardı.
58. Abuşov yerdə qalsa da türkiyəlilər fair-play qaydalarına əməl etmirlər. Onlar hücumlarını davam etdirərək topu yan xətdən çıxarmırlar. Sonda hakim oyunu dayandırmalı olur. Buna qəzəblənən Şükürovla Balta arasında mübahisə yaranır. Az qala davaya çevriləcək mübahisəni hakim yatırır. Hər iki oyunçuya sarı vərəqə verməklə.
60. Rahid sarı vərəqə aldı.
61. Hiddink daha bir əvəzetməyə əl atır: Tuncay yerini Sərcana verir.
63. Matçın bitməyinə az qaldıqca qonaqlar məğlubiyyətə yaxınlaşdığını hiss edir. Bundan əsəbiləşən türkiyəlilər həm səhvlərə yol verir, həm də qaydalar çərçivəsindən kənara çıxırlar. Onların növbəti qurbanı yerə yıxılan Cavadov oldu.
67. Nadirovun zərbəsinin qarşısını Volkan aldı.
69. Nihatın bərabərlik qolu arzusunu Kamran onun gözündə qoydu.
71. Foqts əks-hücumlarını düşünərək ön xətdə yeni qana ehtiyac gördü. O, Fəridi Rauf Əliyevlə əvəzlədi.
72. Hamitin künc zərbəsi faydasız oldu.
73. Əliyev oyundankənar vəziyyətə düşməklə yadda qaldı.
76. Yenə qonaqların bəxti gətirdi. Cavadovun zərbəsindən sonra topu qaytaran Volkan Abuşovun təkrar zərbəsi qarşısında aciz idi. lakin Ruslan hədəfə düşə bilmədi.
80. Türkiyəlilər hücumlara aludə olsalar da Ağayev üçün ciddi təhlükə yarada bilmirlər. Oyuna tez-tez daxil olan Ağayev özü üçün o qədər də çətin olmayan zərbələri zərərsizləşdirir.
80. Kamran sarı vərəqə aldı.
81. Hiddink daha bir hücumçunu döyüşə atır. Bu, ötən - Almaniya ilə oyunda bərbad oynayan Xəlil Altıntopdur.
82. Sərvətin təhlükəli baş zərbəsi qapının üstündən keçdi.
83. Xəlil ilk toxunuşda komandasını xilas edə bilərdi. O, növbəti zərbəni qaytaran Ağayevin səhvindən istifadə edə biləri. Lakin topu əlindən buraxan qapıçımızı müdafiəçilər sığortaladı.
85. Foqts Cavadovu müdafiəçi ilə - Vurğun Hüseynovla əvəzləməklə hesabı qorumağa çalışır.
90. Matçın əsas vaxtı başa çatdı. Hakim oyuna 4 dəqiqə əlavə edib.
90+1. Qonaqlar bütün komanda ilə irəli atılıblar. İki futbolçumuz əks-hücumda iki rəqibə qarşı qaldı. Lakin Gökhan daha sayıq tərpəndi.
Oyun başa çatdı.
Azərbaycan milli komandası Berti Foqtsun rəhbərliyi altında Bakıdakı ilk qələbəsini qazandı.