Türklər Azərbaycanla matçın start heyətlərini açıqladılar
12.10.2010 - 16:28
Türklər Azərbaycanla matçın start heyətlərini açıqladılar
Türkiyə yığmasının millimizlə bu gün keçiriləcək oyununa start heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, türk həmkarımız baş məşqçi Qus Hiddinkin Volkan Dəmirəl, Sərvət Çətin, Ömər Ərdoğan, Gökhan Könül, Emre Belözoğlu, Səlcuk İnan, Həmit Altıntop, Özəl Hurmaçı, Tuncay Şanlı və Mövlut Ərdinci ilk dəqiqələrdən meydana buraxacağını öyrənib.

Zədəsini sağaldan Hakan Balta heyətə qayıtmaqla, yenə müdafiənin sol cinahında yer alacaq və “Qalatasaray”dakı komanda yoldaşı Səbri Saroğlunu əvəzləyəcək. Zədə üzündən Bakıya gəlməyən Mehmet Aurelionu Səlcukun əvəzləyəcəyi əvvəldən məlum idi. Hiddink Almaniya ilə görüşdə əsas heyətdə yer verdiyi yarımmüdafiəçi Nuri Şahinlə hücumçu Xəlil Altıntopu bu dəfə ehtiyatda saxlayacaq. Onları müvafiq olaraq, Tuncayla Mövlut əvəzləyəcək. Düzdür, hücumda Sərcan Yıldırımın oynamaq variantı mövcuddur.

Türklər yığmamızın heyəti ilə bağlı da proqnozunu verib. Onların fikrincə, baş məşqçimiz Berti Foqts qapıda Kamran Ağayev, müdafiədə Rəşad Sadıqov, Saşa Yunisoğlu, Rail Məlikov, Elnur Allahverdiyev, yarımmüdafiədə Samir Abasov, Rahid Əmiqruliyev, Elvin Məmmədov, Mahir Şükürov, hücumda Vüqar Nadirov və Rauf Əliyevə şans verəcək.

Yəni Avstriya ilə görüşlə müqayisədə start heyətində yeganə dəyişiklik Vaqif Cavadovun Nadirovla əvəzlənməsidir. Bu, real görünsə də, Samirin zədə üzündən Bakıda fərdi məşq etməsini və ilk dəqiqələrdən meydana çıxmaq şansının az olmasını nəzərə almaq lazımdır. Abasovu əvəzləməyə namizədlər isə Aleksandr Çertoqanovla Rəşad Sadiqovdur.