Yalnız “Bakı”nın futbolçuları sevindi
13.10.2010 - 10:32
Yalnız “Bakı”nın futbolçuları sevindi
Avro-2012-nin seçmə mərhələsinin son turu Azərbaycan çempionatında yığmalarının üzvü olan legionerlər üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, yalnız “Bakı” klubunun futbolçuları qələbəyə seviniblər.

Özü də Vadim Boretslə Aleksey Savinov Hollandiya ilə ötən oyunda ehtiyatda qalmışdılar. Borets budəfəki görüşü əvəzedilmədən keçirdiyi halda, Savinov sona az qalmış meydana buraxılıb.

Estoniyalı və makedoniyalı legionerlərimiz evdə eyni hesablı məğlubiyyətə üzülüb. Özü də “İnter”in estoniyalı sol cinah oyunçusu Dmitri Kruqlov sarı vərəqə ilə də cəzalanıb. “Neftçi”nin yayda transfer etdiyi müdafiəçi İqor Mitreski ona çox yaxşı tanış olan, uzun müddət oynadığı Rusiya ilə görüşdə uğursuz nəticəyə mane ola bilməyib.

Bir müddət qrup lideri olan Albaniyanın ilk məğlubiyyətində “Qarabağ”ın futbolçuları da iştirak edib. Özü də Teli Ağdam klubunda oynadığı vaxtda (2009-cu ilin qışından bu yana) ilk dəfə millidə oynayıb. “Qarabağ”ın latviyalı legioneri Andrey Rubin isə uzatma dəqiqələrində vurduqları qol sayəsində yığmada uduzmayıb. “İnter”in latviyalı hücumçusu Girts Karlson bu dəfə ehtiyatda qalıb.

Qeyd edək ki, Litva yığması bu dəfə yoldaşlıq görüşü da keçirmədiyindən qapıçı Paulius Qribauskla (“Neftçi”) hücumçu Roberts Poşkus (“İnter”) iş başında olmayıb.

Unibank Premyer Liqasında oynayan legionerlərin Avro-2012-də son çıxışı

Makedoniya – Rusiya – 0:1

İqor Mitreski (“Neftçi”) 90 dəqiqə oynayıb, Filip Despotovskini (“İnter”) 78-ci dəqiqədə Slavço Georgiyevski (“Neftçi”) əvəzləyib.

Estoniya – Sloveniya – 0:1
Dmitri Kruqlov (“İnter”) oyunu əvəzedilmədən keçirib, 34-cü dəqiqədə sarı vərəqə alıb.

Belarus – Albaniya – 2:0
Admir Teli, Ansi Aqolli (hər ikisi “Qarabağ”) 90 dəqiqə oynayıb.

San Marino – Moldova – 0:2
“Bakı”nın futbolçularından Vadim Borets 90 dəqiqə oynayıb, Aleksey Savinov 81-ci dəqiqədə meydana daxil olub.

Latviya – Gürcüstan – 1:1
Andrey Rubin (“Qarabağ”) 90 dəqiqə oynayıb, Girts Karlson (“İnter”) ehtiyatda qalıb.