Şenol Günəş: Bakıdakı hesaba görə təşvişə düşməyə gərək yoxdur
14.10.2010 - 10:51
Şenol Günəş: Bakıdakı hesaba görə təşvişə düşməyə gərək yoxdur
Şenol Günəş bir vaxtlar baş məşqçisi olduğu Türkiyə yığmasının Avro-2012-nin seçmə mərhələsində son çıxışına münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, 10 il öncə “ay-ulduzlular”la Bakıda millimizə 1:0 hesabı ilə qalib gələn təcrübəli mütəxəssis budəfəki məğlubiyyəti həzm etməyin nə qədər çətin olduğunu anlasa da, ruhdan düşməməyi tövsiyə edir.

Günəş günahı konkret kimdəsə görməyi düzgün saymır: “İndi günahkar axtarmaq əvəzinə çatışmazlıqlarını tapmaq lazımdır. Çıxış yolu var. İndi də, qrupda mübarizəyə başladığımız zaman da 1-ci olmaq, yaxud qrupdan çıxmaq şansımız vardı. İndi qrup qalibi olmaq şansımız çox çətindir, ancaq 2-ci olmaq şansımız hələ davam edir. Təşvişə düşməyə gərək yoxdur. Önəmli olan Avropa çempionatının final mərhələsinə qatıla bilməkdir”.

Çalışdırıcı hollandiyalı həmkarı Qus Hiddinkin müdafiəsinə qalxıb: “Mənə görə milli komanda ilə bağlı günahkar axtarmaq əvəzinə futboldakı təməl əskiklərimizi görüb, yolumuza davam etməliyik. Yenə deyirəm, təşvişə düşməyə gərək yoxdur. Uduzduğumuz 2 oyuna görə üzgünük. Mənə görə yarış davam edir. Birini suçlamaq, yaxud günahkar axtarmaq yerinə səhvlərimizi düzəltməliyik. Martda Avstriya və Belçika yığmalarını itkisiz keçərək, qrupdan rahat şəkildə çıxa bilərik”.