Qazaxıstan yığmasının yeni baş məşqçisi gələn il müəyyənləşəcək
16.10.2010 - 11:42
Qazaxıstan yığmasının yeni baş məşqçisi gələn il müəyyənləşəcək
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Qazaxıstan yığmasının yeni baş məşqçisinin adı gələn ilin əvvəlində açıqlanacaq. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Viktor Katkov bu ilin sonuna kimi baş məşqçi problemini həll etməyəcəklərini bildirib: “Baş məşqçi Bernd Ştorkla müqaviləni uzatmamağı qərara alsaq da, onunla ilin sonuna kimi olan müqavilədəki maliyyə öhdəçiliklərini yerinə yetirəcəyik. Bu gündən yeni baş məşqçi axtarışına başlayacağıq. Onun nəticəsini gələn ilin əvvəlində açıqlayacağıq”.

Ştork isə öz növbəsində QFF-nın İcraiyyə Komitəsinin haqqında çıxardığı qərarı ədalətli sayır: “Əlbəttə, mən istefanı qəbul edirəm. Bu qərarla razıyam. Başa düşürəm ki, qarşıya ciddi vəzifə qoyulmuşdu. Dörd oyuna 3 xal qazanmaq lazım idi. Bəxtimiz gətirsəydi, biz 1 xal qazana bilərdik”.

Qeyd edək ki, 2008-ci ildən Qazaxıstan yığmasına rəhbərlik edən Ştork cari seçmə mərhələdə 4 oyuna nəinki xal qazana, komandası qol da vura bilməmişdi. Yığmamız turnir cədvəlində son pillədə gedən bu rəqiblə hər iki oyununu gələn il keçirəcək.