Almaniya yığmasında oynamış futbolçu Türkiyə millisində - FOTO
01.11.2010 - 17:02
Almaniya yığmasında oynamış futbolçu Türkiyə millisində - FOTO
“Hər şeyi düşündükdən sonra ürəyimin səsini dinlədim. Etiraf edim ki, çox çətin bir qərar verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Nurnberq” klubunun futbolçusu Məhmət Əkici deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Türkiyə millisi Almaniyada yaşayan türkəsilli futbolçunun “ay-ulduzlu” forma geyinməsi məsələsini həll edib. Əkicinin bu ay Hollandiya ilə keçiriləcək yoldaşlıq matçında debüt edəcəyi gözlənilir. Baş məşqçi Qus Hiddinkin bəyəndiyi 20 yaşlı futbolçu bildirib ki, hollandiyalı mütəxəssislə söhbətdən sonra seçim edib. Əkicinin sözlərinə görə, Almaniya millisində olduğu kimi, Türkiyə yığmasında da heyətə düşmək üçün əla formada olmaq lazımdır: “Türkiyə yığmasında oynamaq üçün çox düşünməli oldum. Lakin sonda qərarı çətinliklə də olsa, özüm verdim. Atam və anam da mənə dəstək oldular. Əsas hazırlıqlı olmaq və heyətə düşməkdir. Almaniyada olduğu kimi, Türkiyədə də belə olduğunu bilirəm”.

Əkici Almaniya Futbol Federasiyasının bu məsələdə problem yaratmadığı üçün onlara təşəkkür də edib.

Qeyd edək ki, 20 yaşlı 180 sm boyu olan istedadlı yarımmüdafiəçi Almaniyanın U-17, U-18, U-19, U-20 və U-21 komandalarında çıxış edib və 2 dəfə fərqlənib.