“İndiyədək qarşılaşdığım bütün ermənilərə yerini göstərmişəm”
10.11.2010 - 14:13
“İndiyədək qarşılaşdığım bütün ermənilərə yerini göstərmişəm”
“Özbəkistana qızıl medal üçün yollanmışdım. İndi xoşbəxtəm ki, Vətənə arzumu reallaşdıraraq dönmüşəm”. Bu sözləri apasport.az saytına açıqlamasında az öncə Daşkənddə başa çatan dünya çempionatında qızıl medal qazanan Azərbaycan yığmasının samboçusu Elçin Mayılov deyib.

2 dəfə mundialın gümüş və 2 dəfə bürünc mükafatçısı olan idmançı bildirib ki, bu dəfə yalnız həlledici görüşdə çətinlik çəkib. O, çempionluğa gedən yolda erməni rəqibini də yarışdan kənarlaşdırıb: “İlkin mərhələdə fransalı rəqibimə qalib gəldikdən sonra erməni ilə güləşdim. Onlar adətən uduzduqda aranı qatmağa çalışırlar. Lakin 7:1 hesablı qələbə ilə, sonda nəsə bəhanə gətirmələrinə zəmin yaratmadım. Düzdür, düşmənlə qarşılaşanda psixoloji gərginlik və həyəcan olsa da, artıq ermənilərə qalib gəlməyə adət etmişəm. İndiyədək qarşılaşdığım bütün ermənilərə yerlərini göstərmişəm. Üçüncü döyüşümdə Belarus samboçusunu da məğlub etdikdən sonra finalda dünya və Asiya çempionu, Özbəkistanın ən tanınmış idmançısına qarşı mübarizə apardım. Ən gərgin döyüşüm onunla keçdi. Sona 36 saniyə qalmış 0:3 hesabı ilə uduzurdum. Lakin həmin vaxt onu saxlama fəndinə saldım və bu 23-cü saniyədən hesablanmağa başladı. Bu fənddə idmançı 10 saniyə qaldıqda 2, 20 saniyə qaldıqda isə 4 xal qazanır. Mən də onu sona 3 saniyə qalmışa kimi bu fənddə “qalmağa” məcbur etdim və qalib gəldim”.

Mayılov bildirib ki, finalda tək rəqibinə qarşı deyil, hakimlərə qarşı da mübarizə aparıb: “Həlledici görüşdə 2008-ci ildə yaşadığım anların təkrarlanmaması üçün bütün gücümlə döyüşürdüm. Çünki həmin vaxt sona 4 saniyə qalmış ədalət təmsilçiləri tərəfindən cəzalanmışdım. Bu dəfə isə bu saniyələri Allah mənə qismət etdi. Çünki özbək rəqibi fəndə salarkən, görüşün başa çatmasına 23 deyil, 19 saniyə qalsaydı, qələbə qazana bilməyəcəkdim. Bundan əlavə, yarışın baş və döşək hakimi də erməni idi. Bunun üçün samboçu ilə bərabər referilərə qarşı da mübarizə aparıram. Qələbəmdə isə məşqçilər korpusunun və federasiya rəsmilərinin böyük rolu var”.

Dünya çempionumuz vətənə qayıdarkən maraqlı hadisə ilə də qarşılaşıb: “Bakıya qayıdanda, çaşıb qalmışdım. Bizi çox yüksək səviyyədə qarşıladılar. Bundan sonra təxminən 20 avtomobilin müşayiəti ilə birgə böyüyüb boya-başa çatdığım Siyəzənə və oradan da kəndə yollandım. Həmin anlar mənim üçün çox qürurverici idi”.

Qeyd edək ki, mundialdan öncə 2006-cı ildə Dünya Kubokuna sahib olan Mayılov 2 dəfə dünya, 4 dəfə Avropa çempionatının gümüş və 2 dəfə dünya, 4 dəfə qitə birinciliyinin bürünc mükafatçısı olub.