Əli İsmayılov: Başım yerə dəyəndə gözlərim qaraldı
20.12.2010 - 14:02
Əli İsmayılov: Başım yerə dəyəndə gözlərim qaraldı
“Uduzmağım çox gözlənilməz oldu. Bunu heç ağlımıza gətirmirdik. Təşkilatçılar da döyüşün belə alınacağını gözləmirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında peşəkar boksçumuz Əli İsmayılov deyib.

Həmyerlimiz 2 gün öncə Almaniyanın paytaxtı Berlində WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə növbəti görüşünü keçirdi. Amma İsmaylıov birinci ağır çəkidə (90,7 kq) Xuan Pablo Ernandeslə döyüşdə tezliklə, 143 saniyədə nokdauna düşüb: “Rəqibin görüşlərinə baxıb, haqqında ətraflı məlumat toplamışdıq. Ona qarşı xüsusi hazırlıq keçmişdim. Sınaq döyüşlərində əsasən sol əllə işləyənlərə üstünlük verirdim. Bu səbəbdən tez uduzacağımı heç gözləmirdim. Təkrara dəfələrlə baxırıq. Mən zərbənin nəticəsindən yıxılmadım. Düzdür, zərbəni buraxmışdım. Sadəcə, kanatların arasından yıxılanda başımın arxa hissəsi rinqin küncünə dəydi. Başım yerə dəydikdən sonra gözlərim qaraldı. Nokdauna bundan sonra düşdüm”.

“Bürünc Əli” bildirib ki, görüşü davam etdirmək istəsə də, icazə verilməyib: “Peşəkar boksun qaydalarına görə, boksçu rinqdən aşırsa, hakim saymağa başlamalı deyil. Nokdauna düşən idmançı rinqə qaytarıldıqdan sonra bu həyata keçirilməlidir. Mən də rinqdən kənarda aşan kimi hakim sayıb və qayıdanda haradasa 12 saniyə keçmişdi. Gecikməyimdə də ayaqlarımın kanata ilişməsi rol oynadı. Müvazinətimi itirmişdim. Başımı qaldırdım ki, kömək edin, durum. Ancaq təhlükəsizlik xidmətinə bunu etməyə icazə vermədilər. Öz gücümə ayağa durdum və döyüşü davam etdirmək üçün rinqə çıxmaq istədim. Gördüm ki, hakim qarşılaşmanı saxlayıb. Sonra supervayzerə “Döyüş davam etsin, döyüş davam etsin” dedim. Lakin artıq gec idi. Buna hamı narazılıq bildirdi. Pramutor da etirazını rəsmi şəkildə protokola yazdı. Onlar da donub qalmışdılar. Karyeramda ilk dəfə idi belə vəziyyətə düşmüşdüm. Almaniyada tamaşaçılar da narazı idi. Azarkeşlər pul verib döyüşə baxmağa gəliblər və onu da belə saxladılar”.

İsmayılovun sözlərinə görə, etiraz etdiklərindən döyüş yenidən keçirilə bilər: “Mən Ernandeslə yenidən döyüşməkdən çəkinmirəm. Biz rəsmi olaraq mövqeyimizi bildirmişik ki, döyüşün nəticəsi ləğv olunsun. Bunun üçün müraciətimizin cavabını gözləyirik. 7-10 günə hər şeyə aydınlıq gələcək”.