“Onları yığmaya dəvət edəcəyəm” - MÜSAHİBƏ
23.12.2010 - 14:15
“Onları yığmaya dəvət edəcəyəm” - MÜSAHİBƏ
Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin apasport.az saytına müsahibəsi

- Azərbaycan çempionatına yekun vuruldu. Milli komanda üzvləri ümidlərinizi doğrultdumu?
- Deyərdim ki, yaxşı çıxış etdilər. Döyüşlər gərgin keçdi. Əvvəlki yarışlarda əsasən yaşlı idmançılar üstünlük təşkil etsələr də, bu dəfə tam fərqli oldu. Gənclərə özlərini göstərmək üçün şans verdik. Keçən il dedilər ki, medalı onun-bunun boynuna taxdılar, bu kimi söz-söhbətlər yaymağa başladılar. Bu dəfə isə milli komandanın bütün üzvləri mübarizə apardılar.

- Amma yenə də əsas aparıcı cüdoçular tatamiyə çıxmadılar...
- Bu heç də belə deyil. Yığma üzvlərindən Elxan Məmmədov, Elmar Qasımov, Kifayət Qasımova və Ramilə Yusubova Yaponiyadan yeni qayıtmışdılar. Bu halda onların mübarizəyə qoşulması düzgün olmazdı. Yol yorğunluğu və digər yükləmələr onların ziyanına işləyə bilərdi. Digər cüdoçumuz Elxan Rəcəbli isə zədə problemi səbəbindən çempionatdan kənar qaldı.

- Lakin Elnur Məmmədli çempion adını qazana bilmədi. Bu nədən irəli gəldi?
- Olimpiya çempionumuzun Azərbaycan çempionatında medal qazanması o qədər də əhəmiyyətli deyil. Çünki bu yarış reytinqə təsir göstərmir. Əsas odur ki, Elnur çempionata qatıldı və 3-4 görüşdə qüvvəsini sınadı.

- Məmmədlinin öz çəkisi – 81 kq-da deyil, 90 kq-da döyüşməsini nə ilə izah edərdiniz?
- O, çəkisini salmaq istədi. Lakin biz məsləhət görmədik. Çünki 1 ayda 2 dəfə çəki salmaq onun beynəlxalq yarışlarda çıxışına mənfi təsir göstərə bilərdi. Yanvarın 15-16-da bizi daha mötəbər yarış gözləyir. Bakıda təşkil ediləcək usta cudoçuların turniri Elnur və komandamızın digər üzvləri üçün böyük əhəmiyyət kəsb edəcək. Burada isə idmançılarımız nəyə qadir olduqlarını göstərəcəklər. Olimpiya çempionumuz da öz çəkisində qüvvəsini sınayacaq.

- Azərbaycan çempionatında gənclərə şans verdiyinizi bildirdiniz. Yarışda yığma üçün gözaltı etdiyiniz cüdoçu oldumu?
- Təbii ki, perspektivli idmançılarımız çoxdur. Burada da diqqətimi cəlb edənlər oldu. Onları da yığmaya dəvət edəcəyəm. Lakin növbəti ildən Azərbaycan çempionatının vaxtını dəyişəcəyik. Çünki yarışda fərqlənənləri düşərgəyə cəlb edərək hazırlıq keçməyə vaxt az olur. Yeni il başlayan kimi mötəbər turnirlərə start verildiyindən 2011-ci ildə dekabrda deyil, noyabrda ölkənin ən güclülərini müəyyənləşdirməyi planlaşdırırıq.

- Ölkə çempionatı cüdoçularımız üçün 2010-cu ilin son yarışı idi. Ümumilikdə, başa çatmaqda olan ili necə qiymətləndirərdiniz?
- Fikrimcə, bu il idmançılarımız üçün yaxşı keçdi. Çünki qatıldığımız bir sıra yarışlardan uğurla qayıtmışıq. Dünya çempionatında, kubokunda və digər turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldırmağı bacarmışıq. Yeniyetmələr və gənclərimiz də iştirak etdikləri yarışlarda fərqləniblər. Növbəti ildə isə uğurlarımız daha da artırmağa çalışacağıq.