İlin hekayəsi
11.03.2011 - 13:31
İlin hekayəsi
Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə vətəndaşlığı almağa yaxındır. Apasport.az saytının məlumatına görə, Avropanın ən perspektivli idmançılarından sayılan həmyerlimiz 4 aydır Türkiyə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı şöbəsindən sənədinin təsdiqini gözləyir.

Türk mətbuatı sprinterimizin transferinin gecikməsini isə ilin hekayəsi adlandırıblar: “Rusiya yığmasının uzun müddətdir ələ keçirmək istədiyi Quliyev 2 il öncə “Fənərbaxça”nın təklifini qəbul etdi. “Ay-ulduzlu” formanı geyinmək üçün 2010-cu il Avropa çempionatında və bu il qapalı zalda keçirilən qitə birinciliyində milli komandasının heyətində mübarizə aparmadı. Lakin 4 aydır səbirsizliklə gözlənilən keçid hələlik baş tutmur. Olimpiadada 200 m məsafəyə qaçışın finalında yeganə ağ dərili olacağı gözlənilən Quliyev Türkiyə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı şöbəsindən cavab gözləyir. Onun türk vətəndaşlığı alması isə ilin hekayəsinə dönüb”.

“Haber50.com” saytının yazdığına görə, hazırda nişanlısı ilə birgə Mersində yaşayan Quliyev yeni pasport alacağı günü gözləyir: “Onun keçidi üçün Azərbaycan tərəfi ilə danışıqlar aparılır. Əgər Azərbaycan Atletika Federasiyası icazə verərsə, Quliyev London Olimpiadasına Türkiyə idmançısı kimi gedəcək. Razılıq verilməsə, Ramil Türkiyə vətəndaşlığı aldıqdan sonra 3 il gözləməli olacaq”.

Qeyd edək ki, “Fənərbaxça”nın şərəfini qoruyan Quliyev bir müddət öncə Azərbaycan qayıtmaq fikrində olmadığını bildirib. O, son dəfə yığmamızın heyətində 2009-cu ildə çıxış edib.