Belçika və biz: “Neftçi”dən dopinq qalmaqalınadək
29.03.2011 - 09:00
Belçika və biz: “Neftçi”dən dopinq qalmaqalınadək
Bu gün Azərbaycan milli komandası cari ildə ilk rəsmi oyununu keçirəcək. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, Berti Foqts yığmamızın baş məşqçisi kimi ilk dəfə Belçika millisi ilə görüşəcək.

Almaniyalı mütəxəssisin baş məşqçisindən tutmuş futbolçularına kimi yaxından tanıdığı belçikalılar, əslində bizlərə də yad deyil. Elə bu araşdırma yazımızın əsas mövzusu də bu ölkənin futbolda bizlərə bağlılığıdır.

Əslində, Belçika indiyədək bizə cəmi bir seçmə mərhələdə rəqib olub ki, bu da ötən Avropa çempionatına təsadüf edib. Onda da hər iki oyunda qol vurmadan uduzmuşuq – Brüsseldə 0:3, Bakıda 0:1. “Qırmızı şeytanlar”la ilk görüşümüz futbol tariximizə qara ləkə saldı. Söhbət heç də böyük hesablı məğlubiyyətimizdən getmir. Ona qalsa, bundan qat-qat çox fərqlə uduzduğumuz oyunlar olub. Məsələ dopinq qalmaqalından gedir ki, bunda “ilişən” yığmamızın müdafiəçisi Sergey Sokolov 2006-cı ilin oktyabrın 11-də keçirilən həmin rəsmi oyunu acı xatirə kimi yada salmalı olur. Bunda həm öz, həm də həkimlərin səhlənkarlığının qurbanı olan milliləşən rusiyalı futbolçudan matçdan sonra götürülən dopinq-test nəticəsində qanında istifadəsi qadağan olunmuş preparat aşkarlandı. Bu isə həmin vaxt 29 yaşı olan Sokolova UEFA-nın 18 aylıq cəzası bahasına başa gəldi. O, bu müddətdə peşəkar səviyyəli yarışların iştirakçısı ola bilmədiyindən, formasını itirməmək üçün həvəskar liqasında oynadı.

Düzdür, Sergey cəza müddəti bitəndən sonra nəinki peşəkar futbola, karyerasında böyük zərbə aldığı Azərbaycana qayıtdı və hazırda “Qəbələ”nin futbolçusudur. Ancaq fakt odur ki, Sokolov həmin ağır zərbədən sonra özünə gəlmədi, karyerasında eniş dövrü oldu, millimizdən kənarda qaldı, hətta legioner yox, yerli futbolçu sayılsa da, klubunda ehtiyatda oturur.

Belçika ilə Bakıdakı oyunda isə artıq millimizdə çox şey dəyişilmişdi. Şahin Diniyev baş məşqçi postundan istefa verdiyindən, onun yerinə müvəqqəti Qyoko Hacıyevski təyin edilmişdi. Makedoniyalı çalışdırıcı yığmada ciddi islahatlar edərək, Rəşad Sadıqov başda olmaqla, millidən kənarlaşdırılan bir sıra futbolçuları geri qaytardı. Ancaq Hacıyevski millimizin baş məşqçisi kimi Bakıda yeganə oyununda məğlubiyyətdən qaça bilmədi.

Belçikalılarla klub səviyyəsində də görüşmüşük və ilk duelimiz elə belə səviyyədə olub. Özü də hər ikisi “Neftçi”nin adı bağlıdır və yığmanı da nəzərə alsaq, bu ölkənin təmsilçiləri ilə 4 il dalbadal beynəlxalq miqyasda üzləşmişik.

“Ağ-qaralar”ın 2005-ci ildə Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Anderlext”lə, 3 il sonra İntertoto kubokunda “Jerminal”la yolları kəsişdi. Belçika ilə futbolda ilk görüşümüz ağır məğlubiyyətimizlə nəticələndi – 0:5. Elə onda da “Anderlext”in stadionunda bu acı tarixi yaşamışdıq. Bu, ÇL-də ən böyük hesablı məğlubiyyətlərimizdəndir.

Düzdür, Bakıdakı cavab oyununda qalib gəlsək də, 1:0 hesablı həmin qələbə mərhələ keçməyimizə imkan vermədi. Hər halda, bu, ÇL Çempionlar Kuboku adlanan zamanı onun qalibi olmuş “Anderlext” kimi güclü komanda üzərində qazanılmış qələbə kimi futbol tariximizə düşdü. Yeri gəlmişkən, Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Neftçi”nin heyətində həmin tarixi qolun müəllifi hazırda “Bakı”da oynayan moldovalı yarımmüdafiəçi, penaltidən fərqlənən Vadim Borets oldu.

“Neftçi” ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun rəhbərliyi altında İntertotoda belçikalılardan üstün ola bildi ki, bununla da futbol tariximizə ilkə imza atdı. Söhbət 1994-cü ildən başlayan avrokuboklar tariximizdə ilk dəfə iki mərhələ keçməyimizdir. “Jerminal”la səfər oyunu 1:1 hesabı ilə nəticələndi ki, qolun müəllifi Borets kimi Azərbaycan karyerasına “Neftçi”də uğurlu çıxışı ilə başlayan, onunla “Bakı”da da komanda yoldaşı, indi isə “Qarabağ”da oynayan gürcü hücumçu Georgi Adamiya oldu. “Jerminal”la da Tofiq Bəhramov adına Respublika stadionundakı cavab oyunumuz 1:0 hesablı qələbəmizlə nəticələndi. Həmin qola başla imza atan Elnur Allahverdiyev də indi “Neftçi”də deyil.

Maraqlıdır ki, “Xəzər Lənkəran”da oynayan müdafiəçi Belçika ilə bugünkü oyuna çağırılsa da, zədə üzündən hazırlığın sonunda heyətdən kənarlaşdırıldı.

İndi “Neftçi”ni Belçikada daha çox tanıyırlar desək, yanılmarıq. Axı məhz bu komanda ötən yay ən səs-küylü transferə - Avropada ən adlı-sanlı futbolçulardan olan Emil Mpenzanın keçidinə imza atdı. Belçikalı hücumçu hələ millimizlə ilk oyunda iştirak edərək, hesabın açılmasında böyük əməyi oldu. Belə ki, qapıçımız Fərhad Vəliyevin məhz Mpenzanı cərimə meydanında yıxması qapımıza penalti zərbəsinin təyin edilməsi və bunun dəqiq yerinə yetirilməsi ilə nəticələndi.

Həmin vaxt heç kimin ağlına gəlməzdi ki, vaxt keçəcək, Mpenza kimi tanınmış futbolçu karyerasını ölkəmizdə davam etdirəcək.

Belçika ilə bağlılıqdan danışanda “Bakı” ilə “Anderlext”i də qeyd etməliyik. Düzdür, bu komandalar indiyə kimi qarşılaşmayıblar. Onların bağlılığı sənəddə, yəni aralarında qarşılıqlı əməkdaşlıqla bağlı imzalanan ikitərəfli müqavilədədir. Məhz bunun nəticəsində paytaxt klubları dostlaşdı və “Bakı”nın gənc yetirmələri – millimizə də cəlb olunan qapıçı Aqil Məmmədovla yarımmüdafiəçi Bəxtiyar Soltanov “Anderlext”in düşərgəsinə dəvət olaraq, hazırlıqda iştirak etdi, yaxşı təcrübə keçdilər.

Bəli, bu gün Belçika və Azərbaycan təmsilçiləri yenidən yığma səviyyəsində görüşəcəklər. Sevindirici haldır ki, baş məşqçimiz Berti Foqtsdan tutmuş futbolçularımıza kimi hamı nikbindir, Brüsseldə nə qədər çətin olsa da, nəticə, hətta qələbə qazanmağa iddialıdırlar. Çox istərdik ki, bugünkü oyun da futbol tariximizə düşsün. Ancaq əlbəttə ki, yaxşı mənada...

Mehman SÜLEYMANOV