Berti Foqts: Məmmədov ölkəsini sevirdisə, mənə zəng edərdi
02.06.2011 - 08:30
Berti Foqts: Məmmədov ölkəsini sevirdisə, mənə zəng edərdi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün Qazaxıstanda mətbuat konfransı keçirib. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis milimizin məskunlaşdığı “Rixos President Otel”də mətbuat nümayəndələrinin qarşısına çıxıb. Foqts sabah Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstanla səfər oyunu ilə bağlı həm azərbaycanlı, həm də yerli jurnalistlərin suallarını cavablandırıb.

- 12 gün Bakıda təlim-məşq toplanışında olduq. Çox istərdim ki, jurnalistlər həmin toplanışı görərdilər. Ancaq əfsuslar olsun ki, bu, olmadı. Hazırlıqdan çox razı qaldım. Nadir hallarda futbolçularda belə əhval-ruhiyyə görmüşəm. Hazırlıq 2 mərhələdən ibarət olub. Azərbaycan kubokunun finalında oynayanlar sonradan hazırlığa qatıldılar. Astanada süni meydançada oynayacağımızdan, Bakıda da belə qazonda məşq etdik. Qazaxıstan güclü rəqib olduğundan, bizi çətin oyun gözləyir. Almaniya yığmasının baş məşqçisi Yoahim Lov Qazaxıstanın Azərbaycan yığmasından güclü olduğunu deyib. Təsadüfi deyil ki, rəqibimiz püşkdə 5-ci, Azərbaycan isə sonuncu səbətdə olub. Əgər digər səfər oyunları ilə müqayisədə az səhv buraxsaq, Bakıya qələbə ilə qayıdacağımıza inanıram. Bir-iki mövqedə problemimiz var və bu günkü məşqdən sonra onları həll edəcəyik.

- Kamran Ağayev deyib ki, Qazaxıstanı udub sonradan Almaniyaya Bakıda uduzsaq, bunu özü üçün faciə kimi qəbul edəcək...
- İnana bilmirəm ki, Kamran belə sözlər deyib. Bu suala Kamran cavab versə, daha yaxşı olar.

- Azərbaycan yığmasının uzun müddətdir Qazaxıstanı FİFA reytinqində qabaqladığını da nəzərə almaq lazımdır...
- Sizinlə razıyam. Ancaq komandaların püşkdə hansı səbətdə yerləşməsi daha vacibdir.

- Oyunun süni örtüklü meydanda olması, kimin xeyrinə olacaq?
- Hər 2 komanda üçün yaxşıdır. Meydan düzdür. Almanlar da mənə deyib ki, burada qazon yaxşıdır. Mənim üçün yaxşı süni meydanda oynamaq daha yaxşıdır, nəinki pis təbii ot örtüyündə. Fikrimcə, futbolun gələcəyi süni meydançalardır.

- Siz Lövün Azərbaycanla Qazaxıstan yığmaları arasında etdiyi müqayisə ilə razısınız?
- Bunu oyundan sonra deyə bilərəm.

- Qazaxıstan yığmasının hansı oyunlarını izləmisiniz? Ümumilikdə, rəqib haqda deyə bilərsiniz?
- Rəqibin güclü və zəif tərəflərini bu mətbuat konfransında deməyəcəyəm. Biz rəqibə böyük hörmət edirik. Çox nizam-intizamlı komandadır. Komandanı həmyerlim Bernd Ştork hazırlayıb ki, ona hörmət edirəm. Heyət, yeni cəlb olunan ueni futbolçular haqda da məlumatım var.

- Heyətdəki bəzi mövqe problemləri nədən qaynaqlanır?
- Bu, pis fiziki hazırlıqla bağlı deyil. 1-2 futbolçu istisna olmaqla, hamısı sağlamdır. Konkret danışmayacam.

- Siz Azərbaycana gələndə çox iddialı danışmışdınız. Ancaq Qazaxıstanı bizdən güclü saymağınızla bağlı fikirlər ziddiyyət təşkil edir...
- Mən deməmişəm ki, Qazaxıstan bizdən güclüdür.

- Sabah hücum, yoxsa müdafiə futbolu oynayacağıq?
- Futbol təkcə idman yox, fəlsəfədir. Mən yeni gələndə Azərbaycan yığması 9 müdafiəçi ilə oynayırdı. İndi bir sıra futbolçular sürətli hücum futbolu oynayır. Mənim gənc komandamda əvvəllə müqayisədə irəliləyiş var. Biz Belçikaya 0:1 hesabı ilə uduzsaq belə, heç kim bundan razı olmaz. Azərbaycan Premyer Liqasında oyunlara fikir versəniz, çoxu 0:0, 1:0 nəticələnir.

- Qazaxıstana çalışan azərbaycanlı məşqçi Ramiz Məmmədovun fikirlərini öyrənmisiniz?
- Onun burada işlədiyini bilmirdim. Ola bilər ki, sizdən məlumat aldım. Burada almaniyalı mütəxəssislər də işləyir. Əgər Məmmədov öz ölkəsini sevərdisə, mənə zəng edib, məlumat verərdi.

- Milli komandanızın növbəti seçmə mərhələdə final mərhələsinə düşmək şansı var?
- Biz 2014-cü ildə Braziliyada dünya çempionu, sonra 2016-cı ildə Fransada Avropa çempionu olmaq istəyirik.

- Futbolda?
- Başqa idman növlərində də ola bilər. Məsələn, musiqidə 1-ci olduq. Avropa demək olar dünyadır.

- Azərbaycanda futbolun 100 illik yubileyinə böyük önəm verilir?
- Bu, bizim üçün böyük önəm daşıyır. Futbolun inkişafı üçün səbir lazımdır.

- Bu qələbə ən böyük hədiyyə olacaq...
- Biz bunun üçün çalışacağıq. Sözsüz ki, qələbəni hədiyyə etmək istərdim. Ancaq mən dünya, Avropa çempionu olmuşam. Mənim üçün Almanitadn xal almaq daha yaddaaln olardı.

Qeyd edək ki, Foqtsun mətbuat konfransı bitəndən sonra millimizin futbolçuları jurnalistlər qarşısına çıxıb. Bunlar milli komandamızın kapitanı Rəşad Sadıqov, digər müdafiəçi Rail Məlikov və uzun fasilədən sonra yığmaya qayıdan yarımmüdafiəçi Rəşad Sadiqov olub.

Mehman SÜLEYMANOV
ASTANA