Rəşad Sadıqov: Lövün fikirləri bizi qətiyyən maraqlandırmır
02.06.2011 - 08:48
Rəşad Sadıqov: Lövün fikirləri bizi qətiyyən maraqlandırmır
“Biz heç kimə heç nə sübut etmək istəmirik. Üstəlik, Almaniya yığmasının baş məşqçisi Yoahim Lövun fikirləri bizi qətiyyən maraqlandırmır”. Apasport.az saytının Astanaya ezam olunan əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov bu gün keçirilən mətbuat konfransında deyib.

Almaniyalı çalışdırıcı Yohaim Lövün Qazaxıstanı millimizdən güclü saymasına önəm vermədiyini bildirən Sadıqov mətbuat konfransında çox danışmaq istəmədiyini vurğulayıb: “11 ildir yığmadayam. Onu deyə bilərəm ki, sabah ən vacib oyunuma çıxacağam. Bu, şəxsən mənim üçün belədir. Türkiyəni də udmuşuq, çox məğlubiyyətlərimiz olub. Azarkeşlər bizdən çox şey tələb edirlər”.


Sadıqov bildirib ki, Qazaxıstanla sabahkı qarşılaşma Azərbaycan üçün çox vacibdir: “Ölkəmizdə futbola böyük diqqət var, vəsait ayrılıb. Belə ajiotaj məndə olmamışdı. Sabahkı oyun bütün futbol ictimaiyyəti üçün vacibdir. Bu oyunla futbolumuzun gələcək taleyi ilə bağlı ya müsbət, ya mənfi fikirlər yaranacaq. Bunu uzun müddət dəyişmək çətin olacaq. Hələ Almaniya ilə oyun haqda fikirləşmirik. İki həftədir bütün fikrimizi bu matça yönəltmişik, süni qazonda məşq edirik. Almaniyadan xal almaq çətindir. Qazaxıstana uduzsaq, sonradan fikir dəyişmək çox çətin olacaq”.

Rəşad iki bərabər səviyyəli komandanın oynayacağını bildirib: “Qazaxıstan yığması indi tam fərqli futbol oynayır. Fiziki cəhətdən hazırlıqlıdırlar, daha istəklidirlər. Qazaxıstana qarşı oynadığım 7 il əvvəllə müqayisədə millimizin heyəti çox dəyişib. Bizim azarkeşlər çox tələbkardırlar. Belçikaya səfərdə böyük hesablı məğlubiyyətdən sonra heç kimlə danışmaq istəmirdik. Qazaxıstana uduzsaq, azarkeşlərin bizim haqda nə fikirləşdiyini göz önümüzə gətiririk. Onların tələbkarlığını başa düşürük”.

Mehman SÜLEYMANOV
ASTANA