“Uyğunlaşmaq bir qədər problem yaradır” - FOTO
08.06.2011 - 23:02
“Uyğunlaşmaq bir qədər problem yaradır” - FOTO
“Hazırlığım yüksək səviyyədədir. Növbəti yarışa yollanıram və inanıram ki, vətənə lazımı nəticə ilə dönəcəyəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının cüdoçusu Nicat Şıxəlizadə (60 kq) deyib.

İyunun 11-12-də Estoniyanın paytaxtı Tallində keçiriləcək Dünya Kubokunda Şıxəlizadə də mübarizə aparacaq. 4 il müddətinə diskvalifikasiya müddəti apreldə başa çatan cüdoçu artıq bu yarışda medal qazanmaq iddiasındadır.

Onun sözlərinə görə, yeni qaydalara uyğunlaşmaq müəyyən müddət vaxt tələb etsə də, Tallinə medal üçün yollanır: “Hazırda yaxşı formadayam. Düzdür, uyğunlaşmaq bir qədər problem yaradır. Amma Dünya Kubokuna London-2012-yə lisenziya xalı və qazanmaq üçün yollanıram. Bunu bacaracağıma və öz gücümə inanıram”.

Dünya Kuboku 48 aylıq fasilədən sonra Şıxəlizadənin qatılacağı 3-cü yarış olacaq. Buna baxmayaraq, həmyerlimiz London-2012-yə lisenziya qazanmaq üçün bütün gücünü sərf edəcəyini deyib: “Olimpiadaya elə də çox vaxt qalmayıb. Lakin mən qarşıda qalan müddətdə reytinqimi artırmağa və kifayət qədər xal toplamağa çalışacağam. Bu, alınacaq. Çünki əsas məqsədim London-2012-yə lisenziya qazanmaq və Olimpiya Oyunlarının qalibi olmaqdır. Bunun üçün qarşıdakı Dünya Kubokunda və növbəti yarışlarda maksimum gücümü ortaya qoyacağam”.

Lakin Şıxəlizadəyə London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq asan başa gəlməyəcək. Çünki onu reytinq cədvəlindəki rəqibləri ilə yanaşı, yığmamızda da ciddi rəqabət gözləyir. Belə ki, 60 kq çəki dərəcəsində milli komandamızın aparıcı üzvü İlqar Müşkiyev lisenziya xalına və reytinq cədvəlindəki yerinə görə Nicatı qabaqlayır.

Müşkiyev 385 xalla dünyada 21-ci olsa da, Şıxəlizadə 56 xalla 93-cüdür. Lakin bu fərq Nicatı çəkindirmir: “Başa düşürəm, heç nə asan əldə olunmur. Lakin məqsədimə doğru irəliləyəcəyəm. Əgər İlqarla xallarımız eyni və ya hər ikimiz ilk “22-lik”də qərarlaşsaq, Londona yollanmaqla bağlı rəhbərlik qərar verəcək. Mənim üçün hazırda əsas olan xal ehtiyatımı artırmaqdır”.

Qeyd edək ki, Tallində baş tutan Dünya Kubokunda çempion 100, gümüş mükafatçı 60, 3-cü yeri tutacaq idmançı isə 40 lisenziya xalı qazanacaq.