“Böyük dəbilqə”də uğursuz start
09.12.2011 - 12:08
“Böyük dəbilqə”də uğursuz start
Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin ilk günündə Azərbaycan milli komandasının 3 cüdoçusu qüvvəsini sınayıb.

Təəssüf ki, həmyerlilərimiz heç biri fəxri kürsüyə yüksələ bilməyib. Startda cüdoçularımızdan ən yaxşı nəticəni isə İlqar Müşkiyev (60 kq) göstərib. London-2012-yə lisenziyanı demək olar təmin etmiş idmançımız yarışı 5-ci yerdə başa vurub. 1/16 final mərhələsindən yarışa qoşulan Müşkiyev Artyom Arşanski (İsrail) və Sofian Milousu (Fransa) məğlub etsə də, yarımfinala vəsiqə uğrunda yerli Hiroaki Hiraoka uduzub.

İlqarla eyni çəkidə mübarizə aparan Vüqar Şirinli ilk cəhdəcə Tumurxuleq Davadorja (Monqolustan) məğlub olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tərlan Kərimov da 1/16 final səddini keçə bilməyib. O, birinci görüşündəcə Min Xo Çoiyə (Koreya) uduzub.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin qalibi London-2012-yə 300 lisenziya xalına sahib olacaq. Yarışa 8 nəfərlə yollanan komandamızın daha 5 üzvü sabah mübarizəyə qoşulacaq.
0