Cüdo yığmamız ippona düşür
31.07.2012 - 14:09
Cüdo yığmamız ippona düşür
Cüdo üzrə Azərbaycan Olimpiya millisi bu günü də medalsız başa vurub. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və Ramilə Yusubovadan (63 kq) uğur gözlənilsə də, onlar bunu bacarmayıblar. Cüdoçularımız müvafiq olaraq, 1-ci və 2-ci döyüşlərində uduzaraq yarışla vidalaşıblar.

Kişilər
81 kq

Londona ikinci dəfə Olimpiya çempionu olmaq üçün yollanan Məmmədli adını idman tariximizə yazdırmaq istəyində olsa da, bu istəyini həyata keçirə bilməyib. Mübarizəyə 1/32 final mərhələsindən başlayan təmsilçimiz kanadalı Antuan Val-Forte ilə qarşılaşıb.

Döyüşün əsas vaxtında idmançılar xal qazana bilmədiklərindən və hərəsi 1 xəbərdarlıq aldığından əlavə vaxta ehtiyac duyulub. Burada da cüdoçular fənd tətbiq edə bilməyib və yekunda hakimlər daha aktiv olan kanadalını qalib elan ediblər. Nəticədə Pekində bütün görüşlərini ipponla bitirən Məmmədli Olimpiada ilə erkən vidalaşıb.

Qadınlar
63 kq

Məmmədli ilə eyni vaxtda tatamiyə Ramilə Yusubova çıxıb. Xanım idmançımız Olimpiya çempionu ilə müqayisədə əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıb. Dünya çempionatının mükafatçı 1/16 finalda türkmənistanlı Gülnar Haytbayevanı mübarizədən kənarlaşdırıb. O, rəqibinə yuko və vazari ilə qalib gəlib.

Həmyerlimiz 1/8 finalda daha güclü olan cənubi koreyalı Da-Vun Younqla üz-üzə gəlib. Təəssüf ki, ilk dəqiqələrdən üstünlüyə yiyələnən asiyalı sonda Yusubovanın hələ zəif olduğunu müəyyənləşdirib. İpponla uduzan həmyerlimiz isə Olimpiadada çıxışını vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Londonda 8 idmançımızdan 6-sı artıq çıxışını mükafatsız başa vurub.
0