İbrahimovun təsnifatdakı yeri və finaldakı rəqibləri bilindi
08.08.2012 - 14:46
İbrahimovun təsnifatdakı yeri və finaldakı rəqibləri bilindi
London Olimpiadasında Azərbaycan atleti Hayle İbrahimovun təsnifat mərhələsində tutduğu yer məlum olub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz 5000 m məsafəyə qaçışda 43 idmançı arasında 12-ci yeri tutub.

Öz qrupunda finiş xəttinə birinci çatan və finala yüksələn İbrahimov növbəti cəhdinə avqustun 11-də saat 14:45-də çıxacaq. Onun rəqibləri qrup mərhələsində qabaqladığı Kiplanqat Koeç İsiah (Keniya), Məhəmməd Fərəc (Böyük Britaniya), Lopez Lomonq (ABŞ), Haqos Gebrivet (Həbəşistan), habelə ən güclülərin yer aldığı II qrupdan finala vəsiqə qazanan “onluq” - Deyen Qebremeskel, Yanev Alemirev (hər ikisi Həbəşistan), Pkemey Lonqosiva (Keniya), Bernard Laqat, Qalen Rupp (hər ikisi ABŞ), Abdaalati İguider (Mərakeş), Ndiema Kipsiro (Uqanda), Kamerun Levins (Kanada), Luis Barrios (Meksika) və Mumin Qala (Cibuti) olacaqlar.

Müqayisə üçün bildirək ki, Haylenin I “22-lik”də qabaqladıqları arasında Farac dünya çempionudur. Somalidən olan atlet milliləşdirilərək Böyük Britaniyanı təmsil edir.

Qeyd edək ki, II qrupda 11-ci yeri tutan Osman Adəm (Eritreya) finiş xəttinə İbrahimovdan tez çatsa da (13:24.40) reqlamentə əsasən o yarışı dayandırıb. Təmsilçimiz isə bu məsafəni 13:25.23-ə qaçmışdı.