Həm qızıl, həm də rekord!
06.05.2013 - 12:23
Həm qızıl, həm də rekord!
Perunun paytaxtı Limada ağır atletika üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan yığmasının üzvlərindən öncə mübarizəyə Valentin Xristov çıxıb.

Böyüklər arasında ikiqat Avropa çempionu olan idmançımız 62 kq çəki dərəcəsində dünya çempionu adını qazanıb. O, qələbə ilə yanaşı, dünya rekordunu da yeniləyib.

Belə ki, birdənqaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirən Xristov, əvvəlcə 130, ardınca 135, sonda isə 138 kq çəkinin öhdəsindən gəlib. Bununla, bu hərəkətdə qızıl medala yiyələnib.

Təkanla qaldırma hərəkətində Valentin əvvəlcə 166 kq-ı ram edib. Hadisələrin sonrakı axarı isə maraqlı alınıb. Rəqiblərinin heç biri ondan daha artıq çəkini qaldıra bilmədiyindən, Valentin cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də toplamda qızıl medalları təmin edərək dünya çempionu adını qazanıb.

Belədə Xristov təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlib. İkinci cəhdi uğursuz alınsa da, üçüncü yanaşmasında istəyinə çatıb. 178 kq çəkili ağırlığı başı üzərinə qaldıran Valentin çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləyib.
0