Əliyev Bolqarıstan yığmasını seçdi
13.05.2013 - 09:02
Əliyev Bolqarıstan yığmasını seçdi
Daha bir bolqarıstanlı idmançı Azərbaycan millisini tərk edib. Apasport.az saytının məlumatına görə, bu dəfə kanoe üzrə millimizin üzvü Adnan Əliyev vətəninə dönməyə qərar verib.

Belə ki, Pekin Olimpiadasında Bolqarıstanı təmsil edərək 7-ci olan (cütlükdə) idmançı bir müddət şərəfini qoruduğu Azərbaycan millisində çıxış etmək istəmir. Əliyev bildirib ki, başqa ölkənin şərəfini qorumağın səhv addım olduğunu sonradan başa düşüb: “İnsanın öz vətəninin şərəfini qoruması daha yaxşıdır. Mən bunu yalnız indi başa düşdüm”.

Bolqarıstan Kanoe Federasiyasının idman direktoru Emil Mladenov isə Adnanın geri dönməsində heç bir problem olmadığını açıqlayıb: “Azərbaycanlılar idmançımızın geri dönməsinə heç bir etiraz etmir. Artıq Adnanın Bolqarıstan yığmasında çıxış etməsi üçün onları icazəsini də almışıq”.

Qeyd edək ki, Əliyevdən öncə bolqarıstanlı ağırlıqqaldıranlar – Boyanka Kostova, İvan Stoitsov, Veliçko Çolakov və Rumyana Petkovada əsas komandamızda iştirakda boyun qaçırıb.