Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.
1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Fərhad Şeydayev (63 kq) Martin Rusnakla (Çexiya) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, 1/4 finalda israilli Adham Kayoufla döyüşəcək.
Ziya Həsənovun (66 kq) da ilk görüşü uğurlu alınıb. Boksçumuz Valentin Volokova (Moldova) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Həmyerlimiz 1/4 finalda gürcüstanlı Mehman Namazovu sınağa çəkəcək.
Eldar Əsədli (+80 kq) isə döyüşü vaxtından əvvəl aktivinə yazıb. O, ilk raundda Bəyazit Atilir (Türkiyə) üzərində texniki qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Aleksandr Zelinski (Ukrayna) ilə qarşılaşacaq.
1/4 final mərhələsinin görüşləri iyulun 8-də olacaq.
Komanda yoldaşlarından fərqli, Fuad Babayevlə (60 kq) Lətif Həsənov (70 kq) məğlubiyyətə üzülüblər. Onlar müvafiq olaraq, Paulius Bublis (Litva) və Maksim Naumova (Ukrayna) uduzub.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.