Adrian Mutu: "Qələbəyə layiq idik"
05.11.2023 - 18:27
Adrian Mutu: "Qələbəyə layiq idik"

Misli Premyer Liqasının XII turunda "Neftçi" səfərdə "Qəbələ"ni 0-2 hesabı ilə məğlub edib. 

 

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Adrian Mutu oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

 

 "Komandam bu gün yaxşı oynadı. 90 dəqiqə ərzində oyunçularım oyunu lazımı qaydada idarə etdilər, aqressiv idilər. Bəyəndiyim cəhət o idi ki, hücumda çoxlu epizodlar yaradırdıq. Düşünürəm ki, qələbəyə layiq idik".

 

- Qəbələyə ilk dəfədir ki, gəlmisiz. Buradakı ab-hava necə idi?

- Xeyr, mən ikinci dəfədir ki, bura gəlirəm. Toplanış zamanı burada olmuşuq. Bura mənim üçün doğma kimidir. Burada bir neçə gün komanda ilə qalmışıq. Üç dəfə də bu meydanda məşq etmişik. Çox yaxşı infrastukturu var. Təkcə, infrastruktur deyil, ümumi olaraq Qəbələ şəhəri də xoşuma gəlir.

 

- Lukas Melano niyə oynamır?

- İlk öncə oynamağa layiq olmalıdır. Rəqabətdə qalib gəlməlidir. Onunla eyni mövqedə olanlar onu üstələyirlər.

 

- Qollarınızı müdafiəçiləriniz, yarımmüdafiəçilər vurur, hücumçular fərqlənə bilmir. Bu problemi necə həll etməyi düşünürsüz?

- Düz deyirsiz. Çox qol epizodları yaradırıq, amma rəqib qapısında daha konkret davranmalıyıq. Problemin aradan qaldırmağın yeganə yolu, təkrar-təkrar işləməkdir. Onda bu problem aradan qalxacaq.

 

- Olanarenin durumu necədir?

- Əzələ problemi idi. Ümid edirəm ki, ciddi zədə almaz. Tez-tez meydança dəyiçəndə belə hallar olur. Bəzən süni örtükdə oynayırıq, bəzən təbii örtükdə. Qəbələdəki kimi meydançalarda oynamağı çox xoşlayıram. Hər yerdə Qəbələdəki kimi meydançalar olsa, mükəmməl olar.

 

- Qışda hücumçu transferi reallaşdıracaqsız?

- Hazırda transferlərdən danışmaq düzgün deyil. Amma əminliklə deyim ki, komandanı analiz edəcəyik. Futbolçulardan tələblərimiz yüksəkdir. Çünki, böyük klubuq, böyük nəticələr üçün oynayırıq. Onlar "Neftçi"nin oyunçularıdırsa, özlərini bu səviyyəyə çatdırmalıdırlar. Əksinə olsa, buna baxmalı olacağıq.

0