Amputant futbolçulardan ibarət milli komandamız Avropa çempionatının finalında
30.10.2023 - 20:16
Amputant futbolçulardan ibarət milli komandamız Avropa çempionatının finalında

Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak edib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətlərininin məlumatında bildirilib.

Məlumata görə, “D” divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo komandaları ilə mübarizə aparan futbolçularımız qrupu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Turnirin bağlanış mərasimində komandamız Avropa Amputant Futbol Federasiyasının Prezidenti cənab Mateuş Vidlak və Şotlandiyanın Sosial Qayğı və İdman Naziri xanım Mari Todd tərəfindən gümüş medallar ilə təltif olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət komandamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində Dünya çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü millilər iştirak edəcək.

0