“Araz-Naxçıvan”ın futbolçusu: "Avrokuboklara vəsiqə qazanmağımız mümkündür" – Müsahibə
24.10.2023 - 13:38
“Araz-Naxçıvan”ın futbolçusu: "Avrokuboklara vəsiqə qazanmağımız mümkündür" – Müsahibə

“Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşikenin apasport.az saytına müsahibəsi
 
- “Qəbələ”ni vurduğunuz 4 qolla məğlub etdiniz. Matç haqda hansı fikirdəsən? 
- İlk 20 dəqiqə ərzində “Qəbələ”nin qol şansları oldu. Amma qapıçımız bizə çox kömək etdi. O, bir çox real qol epizodunda komandamızı xilas etdi. Rəqib ilk qırmızı vərəqə ilə cəzalandırılandan sonra bizim üçün daha asan oldu. “Qəbələ”nin ikinci qırmızı vərəqəsindən sonra isə matç daha çox öz əlimizə keçdi. 

- İlk turda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etmişdiniz, bu dəfə səfərdə də qalib gəldiniz. Demək olar ki, “Qəbələ” sizin üçün çətin rəqib deyil?
- Xeyr, belə deyil. Onlar yaxşı komandadır, bunu bizimlə matçlarda da göstərdilər, yaxşı futbol nümayiş etdirdilər. Sadəcə, düşünürəm ki, onların indiki vəziyyətlərini qəbul etmələri asan deyil. Çünki onlar ötən mövsüm ölkə kubokunu qazanıblar. İndi isə turnir cədvəlinin son pillələrinə dəmir atıblar. Ona görə də bu, onlar üçün zehni cəhətdən çox çətindir.

- Bu matçda qol vurmağı bacardın. İlk dövrədə də “Qəbələ”yə evdə qol vurmuşdun. Görünür “Qəbələ” ilə oyunlar sənin üçün düşərli olur.
- Qol şanslarım olduğu üçün “Qəbələ”də fərqləndim. Hansı komandaya qol vurmağımın mənim üçün fərqi yoxdur. Əsas odur ki, qol vuraraq komandama xeyir verim.

- “Araz-Naxçıvan” hazırda dördüncü pillədə qərarlaşıb. Komanda 17 xala sahibdir. Uğurlu çıxışınızın sirri nədir?
- Sirrimiz odur ki, çox inanırıq və baş məşqçimizin göstərişlərini yaxşı dinləyirik. Səylərimiz, gərgin məşqimiz və inamımız oyunlarda nəticə qazanmağımızda bizə kömək edir. Bir oyunda qalib gəlmək üçün əvvəlcə inanmalısan, biz də bunu edirik. Bu, bütün komandanın, məşqçilərin və azarkeşlərimizin işinin nəticəsidir.

- Avrokuboklara vəsiqə qazanmaq üçün sona qədər mübarizə apara biləcəksiniz? Maraqlıdır ki, “Araz-Naxçıvan” 18 günə yığılan komandadır.
- Avrokuboklara vəsiqə qazanmağımız mümkündür, biz hər oyunda əlimizdən gələni edirik. Biz həmişə diqqətimizi növbəti matça yönəldirik və mövsümün sonunda nə qədər irəliləyəcəyimizi görəcəyik. Komanda qısa bir zamanda yığıldı, amma məncə, çox yaxşı yığıldı.

- Növbəti turdakı rəqibiniz “Qarabağ”dır. Sizcə, bu matçda qalib gələ biləcəksiz? “Qarabağ” haqda nə düşünürsən?
- “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Bu, əlimizdən gələni etmək üçün yaxşı motivasiyadır. Biz bu oyun üçün həyəcanlıyıq və diqqətimizi planımıza, oyunumuza yönəldəcəyik. Hamımız qol və qollar vurmağa çalışacağıq. Hər halda, "Qarabağ" çox yaxşı komandadır, onlarla oyunun özü əlavə motivasiyadır.
 

0